Bakı, 10 mart, AZƏRTAC
İtaliyanın La Sapienza Universitetində və Çexiyanın Karlov Universitetinin fəlsəfə fakültəsində Azərbaycan multikulturalizmi fənninin tədrisinə başlanılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən AZƏRTAC-a bildirilib ki, La Sapienza Universitetində ilk mühazirə martın 5-də oxunub. Mühazirədə Albaniya, Türkiyə, İtaliya, Serbiya, Bosniya və Herseqovinadan olan tələbələrlə yanaşı, universitetin Türkiyə üzrə mütəxəssisi, professor Fabio Qrossi də iştirak edib. Azərbaycanda onun bilmədiyi xeyli sayda milli azlıqların mövcud olması professoru yaxşı mənada təəccübləndirib.
Martın 9-da oxunan ikinci mühazirənin mövzusu “Azərbaycanın multikulturalizm siyasəti və çox konfessiyalılıq” olub. Dərsdə tələbələrə Azərbaycanın milli rəqslərinə, mədəni adətlərinə aid videoçarx nümayiş etdirilib. Dərsdə tələbələr “Sarı gəlin” və digər mahnıları dinləyiblər.
Çexiyanın Karlov Universitetinin fəlsəfə fakültəsində də Azərbaycan multikulturalizmi fənni tədris olunub. Tələbələr bu fənnə çox böyük maraq göstəriblər.
Qeyd edək ki, Azərbaycan multikulturalizmi fənni yaz semestrindən etibarən Rusiya, Gürcüstan, Litva, Belarus, Bolqarıstan, Çexiya və İtaliya universitetlərində tədris edilir. Tədris bütün semestr boyunca davam edəcək. Növbəti semestr isə bu siyahıya yeni universitetlər əlavə olunacaq və onların sayı getdikcə artacaq.