Kənd Təsərrüfatı Nazirliyi bayram yarmarkalarında satılacaq məhsulların qiymətlərini açıqlayıb. Lent.az-ın məlumatına görə, nazirliyin mətbuat katibi Murtuzəli Hacıyev musavat.com-a deyib ki, əsas tələbat məhsulları ənənəvi qiymətlərlə satılacaq: “Yarmarkada yumurtanın qiyməti 5-7 qəpik olacaq. Toyuq əti 2.4-2.8 AZN-ə satılacaq. Mal əti 5-5.5 manat, qoyun əti 6 manat civarında satışa çıxarılacaq. Qoz-fındığın qiymətini tənzimləməyə çalışacağıq ki, insanlar tələbatlarını büdcələrinə uyğun ödəyə bilsinlər. Hazırda qozun, fındığın qiyməti 4-5 manat civarındadır. Qoz ləpəsinin qiyməti 9-11 manatdır. Fındıq ləpəsi də 10-11 manat arasında dəyişir. Alma 50 qəpik-1 manat, nar 1-1.5 manat, kartof 60-90 qəpik, kələm 80 qəpik olacaq. Yarmarkalara kənd təsərrüfatı məhsullarından əlavə iri şirkətlərin ərzaq məhsulları, qənnadı, konserv məhsulları və sair də çıxarılacaq. Burada məqsəd odur ki, yarmarkaya üz tutan insanlar bayram süfrəsi üçün lazım olan hər bir məhsulu yarmarkadan əldə edə bilsinlər”.
Nazirlik sözçüsü bildirib ki, yarmarkaların təşkil olunması bazarlardakı qiymətlərə də təsir edir: “Yarmarkalara gətirilən məhsul tələbatın bir qismini təmin etdiyi üçün bazarlarda bahalaşmaya zəmin yaranmır”.
KTN-dən o da bildirilib ki, yarmarkalar paytaxtın aşağıdakı rayonlarında və ünvanlarında təşkil olunacaq:
Xətai rayonu - Ukrayna dairəsinin yanı;
Nəsimi rayonu - S.Vurğun küçəsi 73, Təzə bazarın ərazisi;
Yasamal rayonu - Şərifzadə küçəsi 1, Rabitə Kollecinin arxası;
Nərimanov rayonu - "Gənclik" metro stansiyasının yanı;
Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;
Suraxanı rayonu - Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi; Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 12;
Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.