Region TV (TTV) xəbər verir ki, ermənilərin cəbhədə törətdikləri təxribatlar bütün detalları ilə İsrailin beynəlxalq “24 news” telekanalında 4 dildə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

16 dəqiqəlik verilişdə Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı, həmçinin ölkədə həyata keçirilən iqtisadi islahatlar haqda geniş məlumata yer verilib.

Əsasən, Xocalı faciəsini işıqlandrmaq üçün Azərbaycana səfər edən jurnalistlər fevralın 26-da Bakıda keçirilən izdihamlı aksiyada iştirak etdikdən sonra Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda da olublar. Jurnalistlər Ermənistan ordusunun mütəmadi olaraq atəşə tutduğu əraziyə - Tovuzun Əlibəyli kəndinə gedib, sakinlərlə görüşərək həqiqətləri əlibəylilərin dilindən eşidiblər.

Yayımlanan verilişdə Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü açıq şəkildə göstərilir.

“24 news” kanalının reportyoru Sril Amar erməni hərbçilərinin Əlibəylidə yaşayan dinc sakinləri atəşə tutmasını xüsusi olaraq vurğulayıb: “Bu torpaqlar Azərbaycan ərazisidir, bunu bütün dünya təsdiq edə bilər. Ermənistan iddia edir ki, təkcə Dağlıq Qarabağda müharibə gedir. Bura Qarabağ deyil, Qarabağa yaxın da deyil, amma burada yaşayan sakinlər hər gün atəşə tutulurlar. Biz dağılan evləri, əlil olan insanları gördük”.

Dünyanı baş verənlərə səssiz qalmamağa çağıran jurnalist Azərbaycanın sivilizasiyaya, dünya mədəniyyətinə böyük töhfələr verdiyini, önəmli ölkə olduğunu xatırladır. Siyasi sabitlik, iqtisadi inkişaf fonunda ölkəmizdə tolerant cəmiyyət olduğunu bildirən reportyor bu cəmiyyəti dünya üçün nümunə olaraq xarakterizə edir.

Veriliş İsrailin beynəlxalq “24 news” telekanalında, ivrit dili ilə yanaşı, ingilis, fransız və ərəb dillərində də yayımlanıb.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.


фото