Nazirlik: "Süni qiymət artımının qarşısı alınacaq"

10 gündən sonra ölkədə Novruz bayramı qeyd olunacaq. Bu isə öz növbəsində nəqliyyat, enerji və qaza olan tələbatı daha da artıracaq. Lent.az aidiyyatı qurumların bayram günlərinə hazırlığı ilə maraqlanıb.

 

“Azərişıq”: “Heç bir problem olmayacaq”

 

“Bütün günlərdə olduğu kimi, Novruz bayramı günlərində də "Azərişıq" gücləndirilmiş iş rejimində çalışacaq”. Bunu Lent.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, ölkə ərazisində abonentlər elektrik enerjisi ilə bağlı heç bir problem yaşamayacaq: “Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problem haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq”.

 

Mətbuat katibi onu da qeyd edib ki, bayram şənliklərinin keçirildiyi ərazilərdə aparılan təmir-tikinti işləri müvəqqəti dayandırılacaq, əlavə maşın-mexanizmlər, avadanlıqlar və əməkdaşlar cəlb ediləcək.

 

“Azərsu”: Bayramda da sularınız axar olacaq

 

“Bütün bayramlarda olduğu kimi, bu Novruzda da ASC-nin rəhbər işçilərindən ibarət növbətçilik cədvəli tərtib olunacaq”. Bunu isə açıqlamasında qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib. O qeyd edib ki, həmin şəxslər bayram günlərində 24 ərzində qərargahda çalışacaqlar. “Su, kanalizasiya ilə bağlı nə isə problem yaranarsa, növbətçi şəxslərin rəhbərliyi altında problem dərhal öz həllini tapacaq”.

 

Qurum rəsmisi vurğulayıb ki , su təchizatında yaranan problemlər, magistral və məhəllədaxili xətlərdə baş verən qəzalar, kanalizasiya şəbəkələrində tutulmalarla rastlaşdıqda dərhal 24 saat işləyən 955  nömrəsinə zəng edib “Qaynar xətt”ə məlumat versinlər. “955 nömrəsinə edilən hər bir müraciət dərhal nəzarətə götürüləcək və araşdırılacaq”.

 

 

 

Dəmir Yolları İdarəsi: “Sərnişinlərin sıxlığı nəzərə alınacaq”

 

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Lent.az-a bildirib ki, artıq bu gündən etibarən martın 20-nə olan biletlər satışdadır. “Bayram günlərində növbəli iş rejimində çalışacağıq və eyni zamanda, dəmir yolunda mühafizə tədbirləri gücləndiriləcək”.

 

Mətbuat katibi onu da əlavə edib ki, sərnişinlərin sıxlığını nəzərə alaraq, xəttə əlavə vaqonlar qoşulacaq. 

 

Bakı Beynəlxalq Avtovağzalında əlavə avtobuslar vədi

 

Bakı Beynəlxalq Avtovağzalından isə bildirib ki, sərnişin sıxlığı nəzərə alınaraq, bayram günlərində xəttə əlavə avtobusların buraxılması istisna deyil.

 

Nazirlik: “Yarmarkalar olacaq" 

Əhalini bayram günlərində narahat edən digər məsələ bazarlarda süni qiymət halları ilə qarşılaşmalarıdır. Kənd Təsərrüfatı Nazirliyindən isə bildirib ki, narahatlığa heç bir əsas yoxdur çünki Bakıda Novruz yarmarkaları təşkil olunacaq: “Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 14-19 mart 2015-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub”.