Naxçıvan, 10 mart, AZƏRTAC
Şərur rayonunda idmanın inkişafına xüsusi diqqət yetirilir. Hazırda rayonda 168 idman qurğusu mövcuddur. 52 ümumtəhsil məktəbində 94 sadə idman qurğusu və 52 idman zalı, 47 kənddə isə idman meydançası var.
AZƏRTAC xəbər verir ki, bu faktlar Şərur Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov bildirib ki, rayonda əhalinin sağlam həyat tərzinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində mühüm əhəmiyyətə malik olan bədən tərbiyəsi və idmanın inkişafına geniş yer verilir. Hazırda muxtar respublikadakı 12 federasiyadan 11-i rayonda fəaliyyət göstərir. Bu gün Şərur Olimpiya-İdman Kompleksi, uşaq-gənclər idman və şahmat məktəbləri gənclərin və yeniyetmələrin ixtiyarındadır.
Qeyd olunub ki, 2014-cü ildə idmanın müxtəlif növləri üzrə muxtar respublika birinciliklərində rayonun yeniyetmə futbolçuları I yerə, karate-do, yüngül atletika, boks üzrə komandaları isə II yerə layiq görülüblər. Bundan əlavə, Balakən rayonunda boks üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində şərurlu idmançı Kənan Şəfiyev III yeri tutub.
Futbol üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində Şərur rayonunun komandası II nəticəni göstərib, “Arpaçay” futbol komandası 2013-2014-cü il futbol mövsümünü III pillədə başa vurub. 2014-cü ilin may ayında Ukraynanın Xarkov şəhərində yeniyetmələr arasında keçirilən kikboksinq üzrə dünya birinciliyində şərurlu idmançı Nail Hüseynov fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
İcra başçısı diqqətə çatdırıb ki, idmanın kütləviliyinə nail olunması üçün idman və şahmat məktəblərinin kollektivləri məşqlərin müntəzəm keçirilməsinə, müxtəlif bölmələrin fəaliyyətinin gücləndirilməsinə, həmçinin ümumtəhsil məktəblərində idman və şahmat dərslərinin normal tədrisinə, ixtisaslı kadrların işə cəlb olunmasına diqqəti daha da artırmalıdırlar.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, gənclər və idman naziri Azad Cabbarov çıxış edərək, muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafına göstərilən qayğıdan, qarşıya qoyulan vəzifələrdən danışıblar.
Vurğulanıb ki, 2015-ci il rayonda idmanın kütləviliyinə nail olunmasında və bacarıqlı gənclərin respublika əhəmiyyətli yarışlara hazırlanmasında dönüş ili olmalıdır.