Bakı, 10 mart, AZƏRTAC
ABŞ Prezidenti Barak Obama fevralın 9-da Ağ evdə Almaniya Kansleri Angela Merkellə görüşündən sonra Ukraynaya silah göndərmək qərarından vaz keçib.
AZƏRTAC Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniyanın Vaşinqtondakı səfiri Peter Vittix bildirib.
Diplomatın sözlərinə görə, Angela Merkellə görüş zamanı Kiyevə müdafiə silahları çatdırmaq fikrindən daşınan Barak Obama Ukraynanın şərqində başlamış münaqişənin nizamlanması üçün “diplomatik və siyasi cəhdlərin davam etdirilməsinə imkan yaratmağın” vacib olduğu fikri ilə razılaşıb.
Son həftələr ABŞ administrasiyası Ukraynaya silah göndərilməsinin gündəlikdən çıxarılmadığını xatırlatsa da, Vaşinqtonun bəzi rəsmi şəxsləri bu addımın münaqişənin daha da gərginləşməsinə səbəb ola biləcəyini etiraf edirdilər.