"Azadlıq" Radiosunun Bakıdakı ofisi bağlanandan və sonra da AXCP ilə Müsavat partiyalarının rəhbərliyindəki adamlar arasındakı illərdən bəri "möhkəm sirdaşlıq, silahdaşlıq" kimi təqdim olunan münasibətlərin əslində saxtakarlıq, ikiüzlülük olduğu əyan olanda, didişmə və suçlamalarda yamaqlı maskalar yırtılanda onlar qorxdular.
 
Yerli "supermüxalifətçi"lərimizlə "ultraliberallar"ımız təşvişə düşdülər.
Sözümüz onlaradır.
 
Bu adamların lider saydıqları şəxslərdən biri söyləyir: "Bəylər, dayanın! Bir-birimizi zəiflətmək əvəzinə hakimiyyətə qarşı mübarizə aparmalıyıq".
Daha sonra o, dayanmalı olacaq partiyalar və şəxsləri üstüörtülü şəkildə sadalayır.
 
Halbuki ölkə siyasətində dözülməzlik və nifrət mühitini yaradan elə üz tutulan insanlardır.
Məhz onlar dayanmalı, düşünməli, nə etdiklərinin fərqinə varmalıdırlar.
 
Özlərini az qala "yorğun demokrat"lar hesab edən, kreativ toplum sanan adamlar əslində ən səs-küylü, demaqogiyaya qurşanmış fiqurlardır.
Onların arasında müxalifət düşərgəsinin liderləri olduqlarını iddia edən partiya sədrləri, son vaxtlaradək qeyri-hökumət təşkilatları vasitəsilə maliyyə baxımından əsla korluq çəkməyən "qrantoyed"lər, ekspertlər, sayı-hesabı bilinməyən politoloqlar və kulturoloqlar, radikallar, millətçilər, sağçı solçular və solçu sağçılar, ura-patriotlar və köpüklü vətənpərvərlər, bir sözlə, onillər boyu hakimiyyətə gəlmək istəyən, amma efemer arzularına belə, hakim ola bilməyən adamlar var.
Onlar iş görməkdən daha çox, danışmağı sevirlər.

Cəmiyyətin istənilən başqa qrupu, tabanı və ya nümayəndələri ilə müqayisədə daim danışdıqları üçün səslərinin bərk çıxdığı düşünülür.
 
Sosial şəbəkələrdə, ələlxüsus da Facebook-da hərəsinin bir yox, bir neçə profili olduğu üçün cəmiyyətdə məhrum qaldıqları statuslara yazdıqları "status"lar vasitəsilə çatmağa çalışırlar.
 
Bu səslər yğınınında hamısı deyinir, hakimiyyəti "tənqid" edir və düşünürlər ki, qarşılıqlı yardımlaşma şəraitində bir-birlərinə kömək edirlər.
Halbuki onların niyə və nə formada mübarizə apardıqlarını özləri də bilmirlər. "Hakimiyyət pisdir" deyənlər arasında saçlarını müxalifətdə ağardan, vücudlarını gözləntilərdə qocaldanlar az deyil ki, bu zatların bir çoxu elə AXCP dövründə hakimiyyətdə yer almışdı.
 
Onlar hakimiyyətdən gedəndə, daha doğrusu, "Surət gəlir!" deyərək qaçanda uduzmuşdular.
O hadisələrin şahidiyəm və lütfən, "olmadı" deməsinlər. "Surətin qoşunları Nəvaidədir!" təşvişi "bəylər"in iş otaqlarında elə səslənirdi ki, qaçıb canlarını qurtaranlar fəndgir, qoçaq, qəhrəman sayılırdılar.
 
Sonra yeni hakimiyyətə etiraz əlaməti olaraq "Mən fəaliyyətimi dondururam!" ifadələri səslənirdi ki, bu da acizlik, yarıtmazlıq və əslində yaramazlığın bir nişanəsi idi.
 
Natamamlıq, bacarıqsızlıq hissləri sonradan təəssüf, hirs, aqressiya yaratdı ki, onlar da axırda "hakimiyyətin tənqidi" adlandırılan sonsuz prosesə döndü.
Onlar hakimiyyəti sürəkli tənqid edirlər.
 
Etsinlər.
Hakimiyyət şəkər deyil, əriməz.
 
Bəla budur ki, "tənqidçilər" özləri də bilmədən bunca sevdikləri, sitayiş və pərəstiş etdikləri, ideal saydıqları Qərb demokratiyasında, Avropa sivilizasiyasında yolverilən sərhədi keçdilər. Kobud, xıltlı, qəzəbli, zərrə qədər məntiqi olmayan tənqidin, daha doğrusu, suçlamaların, kükürd turşusu təki iy verib toxunduğu yeri yandıran sözlərinin hədəfi qismində Xalqı seçiblər.
 
Dünyanın bütün ölkələrində, o cümlədən Qərb demokratiyasında toxunulmaz, sayğılı hakim, çox nadir hallarda tənqid edilən və əksər hallarda ümumiyyətlə, tənqidə məruz qalmayan Xalqı.
 
Çünki kimin hakimiyyətdə olmasına, kimin də hakimiyyətə layiq olmamasına məhz Xalq qərar verir.
Xalqın özü hakimiyyəti bəlirləyən Hakimdir. Hakimə isə hücum etmək olmaz.
Amma bu adamlar hücum edirlər. Azmış kimi, balaca, amma çılğın dəstəyə çevrilərək hakimi aşağılamaq, sonra da cəzalandırmaq istəyirlər.
Təxmin və ya ehtimal deyil - belədir.
 
İllərini müxalifətdə keçirib şüurları daş kimi göyərənlər artıq xalqa müxalif olublar.
Son həftələrdə onlar açıq şəkildə, çəkinmədən xalqı aşağılayır, daşqalaq etməyə çalışır və deyirlər ki, Azərbaycanda xalq, sən demə, natamamdır, yetişməyib, adekvat deyil və bu səbəbdən də insanlarımızın əksəriyyəti tənəyə layiqdir.
Belələrinin hər biri onlarla "Charlie Hebdo" təki zərərlidir. Zəhərlidir.
 
Özlərini ultraliberal fiqurlar, aydınlaşmış ziyalılar və müxalifət siyasətçiləri sayanlar əslində məntiqləri şikəstlər olduqlarından bəlalı durumlarını anlamır, zillətlərini etiraf etmək istəmirlər.
Onların Azərbaycan xalqı barədə dedikləri Avropa demokratiyasının heç bir qəlibinə sığmır. Özlərini dağılmış barrikadalarda döyüşən son əsgərlər, uçulan səngərlərdəki son döyüşçülər sayanların dedikləri və yazdıqları əslində sosial irqçilikdir.
 
Halbuki yerli müxalifətçilərimizin diz çökərək səcdə etdikləri Qərb demokratiyası, pərəstiş etdikləri Avropa inkişaf yolu Xalqa sayğını ehtiva edir.
Xalqdan danışanlar onların dedikləri ilə razılaşmayanları dərhal hədəf sayır və nifrət edirlər.
Məntiqlərinin qüsurlu, siyasi əxlaqlarının bəyənilməz olduğunu söyləyənləri "iqtidarçılar" elan edirlər.
Onlar nifrətdən həzz alırlar.
 
Belədirsə, qarşı tərəfə sualım var.
 
Bəylər, səhv etmirəmsə, siz hakimiyyətə qanuni yolla, seçkilər vasitəsilə, ümumxalq səsverməsi ilə gəlmək niyyətindəsiniz, deyilmi?
Belədirsə, ölkənin taleyinə və Azərbaycandakı hadisələrə təsir edəcək sayda deputat mandatı almaq, Milli Məclisdə yer tutmaq üçün yetərli nəticəyə hansı yolla nail olmaq fikrindəsiniz?
 
Xalqı natamam və avam kütlə, nə etdiyini bilməyən fərdlər toplusu, Novruzəlilər və Tükəzbanlar yığını saymaqlamı?
Aşağıladığınız insanların sizi dəstəkləyəcəklərini, arxanızca gedəcəklərini düşünürsünüzsə, başınız sağ olsun.
Xəyallarınıza fantastlar, arzularınıza utopistlər həsəd apara bilərlər.
 
Ultraliberalları, radikal müxalifət siyasətçiləri islah etmək, nəyəsə inandırmaq, səhvlərdən çəkindirmək mümkün deyil.
Özləri yollarından çəkilməsələr, absurdluqlarını anlasalar - bəlkə də.
 
İlk əvvəl sosial irqçiliyin mənasız, perspektivsiz olduğunu dərk etməlidir bu şəxslər.
Mənsub olduqları xalqa yuxarıdan aşağı baxmaq, nifrət və "ah, biz xalqı düşünürük, xalq isə hələ də aldanır" demək yetər.
Xalqın tam əksəriyyətinin kimi və niyə dəstəklədiyini dərk etmək bəsdir.
 
İsteriyaya qapılmaq, yumruqları yelləmək, sonra da Facebook-da hücumlara keçməklə siyasət olmur.
Təhqirlər siyasət deyil.
 
Nə qədər gec deyil - dəyişin.
 
Orxan Hun
Milli.Az