Beyləqan, 9 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı layihə -1” çərçivəsində Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası başa çatmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, layihəyə uyğun olaraq Beyləqan şəhərini və ətraf yaşayış məntəqələrini içməli su ilə təmin etmək məqsədilə Əlinəzərli kəndi yaxınlığında beş subartezian quyusu qazılıb və buradan şəhərə 8,6 kilometr uzunluğunda magistral su xətti çəkilib. Quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan iki anbar, nasos stansiyası tikilib. Ümumi uzunluğu 91,6 kilometr olan şəhərdaxili su şəbəkəsinin 75 kilometrlik hissəsi inşa edilib, 4.982 ünvan şəbəkəyə qoşulub. Artıq yeni şəbəkə ilə istehlakçılara içməli suyun verilməsinə başlanılıb.
İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə “Smart-kart” tipli sayğacların quraşdırılması davam etdirilir. İndiyədək 5.200-dən çox abonentin təxminən iki mini sayğacla təmin olunub. Yanğın təhlükəsizliyini təmin etmək üçün 336 yanğın hidrantı quraşdırılıb.
Layihə çərçivəsində Beyləqan şəhərinin kanalizasiya sistemləri də yenidən qurulur. İndiyədək 89,9 kilometr uzunluğunda kanalizasiya xətlərinin 81,5 kilometrlik hissəsi, eləcə də 2.031 baxış quyusu inşa edilib. Növbəti mərhələdə məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcək. Bununla da, Beyləqan şəhərində yaranacaq tullantı suları bu qurğuda təmizlənərək zərərsizləşdiriləcək.
Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Beyləqan şəhərində 25 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb. Layihə çərçivəsində rayonun Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinin 5.200 sakininin, həmçinin bu ərazidə məskunlaşmış 800-dən artıq məcburi köçkünün də içməli su problemi həllini tapacaq.