Hücum nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər yaralanıb
Malidə Birləşmiş Millətlər Təşkilatının bu ölkədəki sülhməramlı missiyasının düşərgəsi hücuma məruz qalıb. Naməlum silahlı dəstə üzvləri bazaya raket zərbələri endiriblər. Hücum nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralılar arasında azyaşlı uşaqlar da var. Hadisə Kidal şəhəri yaxınlığında baş verib. Hücum zamanı BMT sülhməramlıları atışmaya qarşılıq veriblər.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, polis faktla bağlı istintaq araşdırması başladıb. Polisin məlumatına görə, hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Lakin yerli Tuareq üsyançıların hücumda əli olduğu ehtimal edilir.

BMT-nin sülhməramlı missiyası Malidə hökumətlə hökumətə qarşı çıxan üsyançılar arasında barışıq yaratmağa çalışır.

Daha bir hücum isə paytaxt Bamakoda qeydə alınıb. Naməlum silahlılar restoranda partlayış törədib. Partlayış nəticəsində 2 nəfər ölüb. Hökumət hər iki hücumu terror aktı adlandırıb.

Milli.Az