Dəyər vermək lazımdır. Dosta da düşmənə də. Amma gərək dostun da düşmənin ləyaqətli olsun. Mən Azərbaycanda bir kiçik icma da görürəm. Onlar bu dövlətin suyunu içib, havasını udur, çörəyini yeyir, amma özünə tüpürürlər. Kobudluğa görə üzr istiyirəm. Onlar Azərbaycanın başına gələn hər pis hadisədən bayram düzəldir, yaxşı günlərimizdə isə qara bağlayırlar. Qarabağla qarışdırmayın. Hələ də manatın məzənnəsi bir çoxlarının dilindən düşmür, az qala bu adi iqtisadi əməliyyatı dövlətin xalqına qarşı çevriliş cəhdi kimi qiymətləndirənlər var. Bir sıra “dırnaqarası” dostlar isə mənim manatın kursuna korreksiya ilə bağlı son “Hesabat”ımı ya doğru anlamayıblar, ya da özlərinə sərf edəcək tərzdə təfsir edirlər. Bəli mənim çıxışımda valyutamızla bağlı yaranmış vəziyyətə tənqidi yanaşma var idi. Amma bu yanaşma yalnız onunla bağlı idi ki, cəmiyyət bir müddət informasiyasız qaldı və bu da elə haqında danışdığım ağzıgöyçəklərə şərait yaratdı ki, camaatın məlumatsızlığından istifadə eləsin. Hamısı bu. Yəni mənim çıxışımı qara ağızlılar öz dillərindən ifraz etməsinlər. Mən yaxşı bilirəm nə deyirəm, kimə deyirəm. Hər halda bu dövlət bizimdir, onun manatını da qorumaq, uğrunda döyüşmək borcumuzdur. Lazım gəlsə son qəpiyinədək.

… Manatın kursunun tənzimlənməsi və onun ətrafında baş verən proseslərə iki cür yanaşmaq mümkündür. Birinci yanaşma adi bir sakinə məxsusdur. O sakinə ki, mədəsini düşünür, yaxınlarını, qohum-əqrəbasını, onların lokal ehtiyaclarını fikirləşir və bu istinad nöqtəsindən dartınır. Əlbəttə onu başa düşürük, amma əminik ki, bu düşüncə ərköyünləşmiş, cəmiyyətin yalnız yaxın məsafəni, adi bir göz ərazisini görə bilən insanlarına aiddir. Bəxtiyar Vahabzadənin sözləri ilə desək öz qohum-əqrəbasını xalq, yaşadığı mənzili isə dövlət bilən kəslərə. Tilov atıb balıq güdən ac balıqçılar kimi, sahildə oturub dövlətin problemli gününün nə vaxt başlayacağını gözləyənlər də var. Görün neçə illərdir ki, manat sabitdir, vətəndaşımız dollara, avroya yox, öz milli valyutamıza inanır. Gürcüstanda, Türkiyədə, İran İslam Respublikasında Azərbaycan manatını asanlıqla dəyişmək olur. Bu vəziyyətə adət etmiş komformist vətəndaş günlərin bir günü dövlətin öz gələcəyi, inkişafı naminə atdığı addımdan özünəməxsus nəticə çıxarır. Ona elə gəlir ki, bu nədirsə çox pis bir şeydir. Manatını dolların ayaqları altına atan belələri vətəni qürbətə dərhal dəyişməyə amadədirlər. Bəli bu proses ağrılıdır, ola bilsin ki, kimlərsə bunun ağırlığını hiss edir… Amma islahatlar nə vaxt və kimə asan olub ki?! Manatın yeni kursu onun real qiymətini əks etdirir və bu imkan verir ki, dövlət öz büdcəsini qorusun. İqtisadi təhlükəsizlik üçün immunitet yarada bilsin. Dünyada, Avropada gedən prosesləri Azərbaycan vətəndaşının hiss etməməsi üçün dövlət ən riskli addımlara belə gedir. Elə buna görə də qlobal böhran şəraitində manatın kursunu sabit saxlamaq getdikcə daha baha həzzə çevrilirdi. Dövlət buna görə külli miqdarda itkiyə yol verirdi. Bir var bir nəfərin marağı, bir də dövlətin. Bu gün neftin qiyməti düşüb və fasilələrlə düşməkdə davam edir. Neftin qiymətinin dövlət büdcəsində xüsusi çəkiyə malik olduğu Azərbaycada isə bu faktor nəzərə alınmalıdır. Əks təqdirdə Azərbaycanın valyuta ehtiyatları ciddi zərbələrə məruz qala bilərdi. Manatın düzəlişi ilə dövlət heç bir strateji layihəsini təxirə salmayıb, bütün xidmətlər, sosial layihələr gündəlikdədir. Necə deyərlər, dövlət öz yolu ilə gedir. Mən burada xüsusi bir məqam üzərində dayanmaq istərdim. Manatın bərkidiyi dövrlərdə idxal daha aktual idi. İndi artıq dövlət inkişafının məhz o mərhələsinə gəlib çatıb ki, burada söhbət ixraca hesablamaqdan gedir. Manatın kursunun dollarla düzlənməsi nə qədər investor üçun göydəndüşmədir. Bu isə həm də yeni iş yerlərinin açılması deməkdir.

Beləliklə, vətəndaş daxili alveri, bir dükan ticarətini düşünürsə, dövlət beynəlxalq ödəmə miqyasında fikrləşir. Bir qədər uzağı görmək lazımdır. Dövlət institutları hər cür möhtəkirliyə, sui-istifadəçiliyə qarşı daha amansız olmalıdır. Bizim tənqidimiz yalnız informasiya və izahat işlərinin lazımınca aparılmaması ilə bağlı idi ki, bu da bir problem olaraq aradan qalxmaqdadır. Kimsə unudursa ki, Azərbaycanın indi vəziyyəti məhz elə bu hakimiyyətin əl işidir, bütün uğurların, inkişafın müəlliflik hüququ bu dövlətə, onun Prezidentinə və komandasına məxsusdur, qoy unutsun, bu bizim problemimiz deyil. Biz dövləti və var-dövləti bir-birindən yaxşı ayıra bilirik. Bizim ehtiyatlandığımız yalnız ona yönəlir ki, məlumatsızlıq şəraitində kimlərsə şayiələr yarada və onun yayılması üçün münbit zəmin tapa bilər. Qarşısını alaq, Vəssəlam. Gəlin səmimi olaq. Səndən ötrü can verməyə cümlə qadiriz deyən biz, nə əcəb birdən-birə beş-altı manatdan keçməyə can çəkirik. Dövlət bu gün öz büdcəsini qoruyur, bəs bu büdcə kimindir, elə bizim deyil? Hökumətin manatın kursunu dəyişməkdə bir məqsədi də əslində əhali qarşısındakı öhdəlikləri yeninə yetirmək idi. Maaş və pensiyaların ödənlilməsində artıq heç bir problem olmayacaq. Beş-altı manatı itirməmək üçün az qala dövləti dolların ayaqları altına atmağa hazır olmaq kişilikdən deyil…

Mənbə
HESABAT: Mir Şahin