İŞİD terrorçu qruplaşması daha bir qədim şəhərdə tarixi abidələri məhv edib.

ANS PRESS-in məlumatına görə, terrorçular İraqın şimalında yerləşən qədim Hatra şəhərinin (Əl-Hadr) xarabalıqlarını yerlə bir ediblər.

Terrorçular qədim tarixi heykəllərin, türbələrin və digər abidələrin "büt" olduğuna inanır, dağıdılmasını vacib hesab edirlər.

Mosuldan 80 kilometr şimalda yerləşən Hatra şəhəri e.ə. III-II əsrlərdə salınıb, Parfiya çarlığının mühüm dini mərkəzi olub və 241-ci ildə fars sərkərdəsi I Şapurun döyüşçüləri tərəfindən dağıdılıb.

Hatranın xarabalıqları YUNESKO-nun “Dünya Mədəni İrs Siyahısı”na daxil edilib.

Qeyd edək ki, bundan əvvəl İŞİD terrorçuları qədim Assuriya şəhəri Nəmrudu məhv ediblər. İŞİD silahlıları İraqın şimalinda yerləşən şəhərdə tarixi abidələri ağır texnika ilə yerlə yeksan ediblər. Dağıdılan abidələr arasında Assuriya dövrlərinə aid, eramızdan əvvəl XIII əsr tarixi abidələri də olub.
Mənbə
ANS PRESS