Qəbələ, 7 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzində əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması, insanların bu sahədə xəbərdar və təlimatlı olmasında səmərəliliyin artırılması məqsədilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəbələ rayonunun qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda keçirilən maarifləndirmə xarakterli tədbirdə regional mərkəzlə yanaşı, FHN-in Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Şimal-Qərb Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Müfəttişliyinin, Şimal-Qərb Regional Tikinti Müfəttişliyinin əməkdaşları da iştirak edib.
Tədbirdə mütəxəssislər tərəfindən Qəbələ rayonu ərazisində baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi və tikintidə təhlükəsizliyin normaları izah olunub, rayon icra hakimiyyəti ilə regional mərkəz arasında 2014-2019-cu illər üçün nəzərdə tutulan “Qarşılıqlı Fəaliyyət” planında qeyd edilən tədbirlərin icrası ilə bağlı geniş məlumatlar verilib.
Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu haqqında videoçarx nümayiş olunub.