Bakı, 7 mart, AZƏRTAC
Vergilər nazirinin əmri ilə onlayn qeydiyyat qaydalarında dəyişikliklər edilib. Artıq yeni qaydaların tətbiqinə başlanılıb.
Vergilər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, «Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı», «Fərdi sahibkarların onlayn qeydiyyatı» inzibati reqlamentlərinə və «Fiziki şəxslərin vergi uçotuna alınması və vergi uçotundan çıxarılması qaydaları»na dəyişikliklər təsdiqlənib.
Nazirliyin göstərdiyi elektron xidmətlərin siyahısında vergi ödəyicilərinin elektron qeydiyyatını ayrıca qeyd etmək lazımdır. İlkin olaraq 2011-ci il iyul ayının 1-dən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin İnternet Vergi İdarəsi vasitəsilə birbaşa onlayn rejimində qeydiyyata alınmasına başlanılıb.
Məlumatda qeyd edilir ki, hüquqi şəxslərin e-qeydiyyatı iki üsulla - sürətli və adi qaydada həyata keçirilir. Sürətli elektron qeydiyyat təsisçi bir nəfər olduqda tətbiq edilir. Bu halda təsisçi yalnız özü, təyin edəcəyi rəhbər və cəmiyyətin fəaliyyət sahəsi barədə məlumatı sistemə daxil edib elektron imza qoymaqla hüquqi şəxsin dövlət qeydiyyatı üçün tələb olunan məlumatları qeydiyyat orqanına təqdim etmiş olur. Təsisçilərin sayı birdən çox olduqda, habelə hüquqi şəxsə aid daha geniş məlumatların daxil edilməsi tələb olunduqda isə adi elektron qeydiyyat üsulu seçilir.
Hazırda qanunlarda yeni dəyişikliklər aparılaraq e-qeydiyyata keçidlə əlaqədar prosesin başa çatdırılması üçün vətəndaşlar tərəfindən yerinə yetirilən əməliyyatların sayı, xərclənən vəsaitin məbləği və sərf edilən vaxt minimuma endirilib. Bunun müqabilində Azərbaycanda kommersiya hüquqi şəxsin qeydiyyata alınması müddəti 3 dəfə azaldılıb. Yerli vətəndaşlar tərəfindən yaradılan MMC-lərin adi elektron dövlət qeydiyyatı müddəti 3 gündən 1 günə endirilib, sürətli elektron qeydiyyatı isə 1 gün əvəzinə dərhal yerinə yetirilir. Reqlamentə edilmiş dəyişikliklərə əsasən, fiziki şəxslərin onlayn qeydiyyatı zəruri məlumatları informasiya sisteminə daxil etdikdən sonra həyata keçiriləcək.