[ 06 Mart 2015 14:58 ]



Bakı – APA. Milli Məclisin İsveçrə parlamenti ilə dostluq qrupunun üzvləri İsveçrəyə səfər ediblər.

 

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən APA-ya verilən məlumata görə, Bahar Muradova, Elton Məmmədov və Malik Həsənovun daxil olduğu nümayəndə heyəti ilk öncə İsveçrə parlamentinin binası ilə tanış edilib, daha sonra millət vəkilləri parlamentin hər iki palatasının iclaslarında fəxri qonaq qismində iştirak ediblər.

 

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova parlamentin fəxri qonaqlar kitabında xatirə qeydi edib.

 

Nümayəndə heyəti parlamentin aşağı palatası olan Milli Şuranın sədri Stefan Rossini və Kantonlar Şurasının sədri Klod Eş tərəfindən ayrı-ayrılıqda qəbul edilib. Hər iki görüşdə tərəflər Azərbaycanla İsveçrə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıqdan məmnunluq ifadə ediblər, bu əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatlarda davam etdirilməsi və daha da möhkəmləndirilməsində maraqlı olduqlarını bildiriblər.

 

Dağlıq Qarabağ münaqişəsinə toxunan B. Muradova beynəlxalq ictimaiyyətin, o cümlədən bir dost ölkə olaraq İsveçrənin Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkməsi üçün bu ölkəyə təsir edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan tərəfinin mövqeyini gözəl anladıqlarını deyən palata sədrləri bu münaqişənin ədalətli həlli üçün İsveçrənin hər cür yardım etməyə hazır olduqlarını qeyd ediblər.

 

Azərbaycan nümayəndə heyətinin İsveçrə parlamentinin Azərbaycanla Dostluq qrupunun sədri Kristina Eqerzeqi-Obrist və sədr müavini Filippo Lombardi ilə görüşündə tərəflər iki dostluq qrupu arasında mövcud əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da gücləndirilməsi imkanları, müxtəlif beynəlxalq təşkilatların parlament ölçüləri çərçivəsində qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

 

Daha sonra nümayəndə heyətinin üzvləri İsveçrə parlamentinin hər iki palatasının xarici siyasət komitələrinin sədrləri Feliks Qutzviller və Karlo Sommaruqa ilə görüşüblər. Görüşdə komitə sədrləri Azərbaycan və İsveçrə parlamentləri arasında müxtəlif formatlarda əməkdaşlıqdan və bunda hər iki dostluq qrupunun oynadığı roldan məmnun olduqlarını qeyd ediblər və qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlıq, vətəndaş cəmiyyətinin fəaliyyəti və s. ətrafında fikir mübadiləsi aparıblar. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı K. Sommaruqa beynəlxalq hüququn prinsiplərinin əsas götürülməli olduğunu və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyini vurğulayıb.

 

Həmin gün Milli Şuranın sədri S. Rossininin adından nümayəndə heyətinin şərəfinə şam ziyafəti verilib.

 

Martın 5-də Milli Məclisin nümayəndə heyətinin üzvləri ilk öncə İsveçrə Federal Xarici İşlər Departamentinin dövlət katibi İv Rosye ilə görüşüblər. Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli, o cümlədən İsveçrənin ATƏT “üçlüyü”nə daxil olan ölkə kimi buna verə biləcəyi töhfə, Azərbaycan və İsveçrə arasında iqtisadi və enerji sahəsində əməkdaşlıq, vətəndaş cəmiyyətinin fəaliyyəti və s. məsələləri müzakirə ediblər.

 

Daha sonra nümayəndə heyətinin üzvləri Bern şəhərinin meriyasında olub və şəhər meri Aleksandr Çeppetlə görüşüblər. A. Çeppet azərbaycanlı deputatları İsveçrədə bələdiyyələrin işinin təşkili, Bern bələdiyyəsinin fəaliyyəti və ümumilikdə İsveçrə federal sistemində bələdiyyələrin yeri və rolu barədə məlumat verib.