Bakı, 6 mart, AZƏRTAC
Azərbaycanda qadınların çalışdığı əsas fəaliyyət istiqamətləri təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır. Onlar öz əməkləri ilə respublikamızın sosial-iqtisadi, ictimai-mədəni inkişafına öz dəyərli töhfələrini verirlər.
Cari il martın 1-nə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində aktiv əmək müqaviləsi bildirişlərinin sayı 1 milyon 261 min 613 ədəddir. Onların təqribən 47 faizi, yəni 592 min 275 ədədi məhz qadınlarla bağlanan əmək müqavilələridir.
Bağlanmış əmək müqavilələrinin yaş qrupları üzrə bölgüsündə qadınların xüsusi çəkisi 40-54 yaş hədləri üzrə kişilərdən daha çoxdur. Belə ki, 40-44 yaş qruplarında bağlanılmış 124 min 377 əmək müqaviləsinin 53,4 faizi, 45-49 yaşlarında olan şəxslərlə bağlanılmış 142 min 173 əmək müqaviləsinin 54,1 faizi, 50-54 yaş qruplarında bağlanılmış 162 min 103 əmək müqaviləsinin 51,6 faizi qadınları əhatə edib. Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 39,1 faizi, ali təhsilli şəxslərin 47,8 faizi, orta ixtisas təhsilli şəxslərin 61,4 faizi, ilk peşə-ixtisas təhsilli şəxslərin 24,7 faizi qadınlardır.
Hazırda ölkəmizdə təhsil, səhiyyə və sosial xidmətlər sahələrində əmək müqaviləsi bağlanılanların 76-78 faizini qadınlar təşkil edib.