Naxçıvan, 6 mart, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında istehsal olunan avtomobillər bu ildən Belarus Respublikasına ixrac olunacaq.
AZƏRTAC xəbər verir ki, hazırda illik istehsal gücü 5 min ədəd avtomobil olan zavodda 9 modeldə avtomobil istehsal olunur.
Yaxın zamanlarda isə sedantipli “NAZ-Lifan-820” və krossovertipli “NAZ-Lifan X-50” modellərinin istehsalına başlanılacaq.
“NAZ-Lifan-820” modeli əvvəlki sinfindən fərqli olaraq, arxa hissə ilə bərabər, həm də ön park-radar sistemi, mühərriki işə salmaq üçün start-stop düyməsi, ön oturacaqların qızdırılması və təhlükəsizlik yastıqlarının sayının 4 ədədə çatdırılması ilə seçilir.
Krossovertipli “NAZ-Lifan X-50” modeli isə “NAZ-Lifan X-60” modelindən fərqli olaraq daha az yanacaq sərfinə və elektron sükan idarəetməsinə malikdir. Avtomobillərin qiymətləri modeldən və komplektasiyadan asılı olaraq, 7500 manatdan 15900 manatadək dəyişir. Alıcılara nağd pulla və köçürmə yolu ilə təklif edilən bu avtomobilləri Naxçıvan Muxtar Respublikasının sakinləri qiymətinə əlavə faiz hesablanmadan dəyəri hissə-hissə ödənilməklə də əldə edə bilirlər.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyət göstərir.