[ 06 Mart 2015 12:19 ]
Bakı. Ramiz Mikayıloğlu - APA. Ötən il Azərbaycanda 4450 ailə və ya 22 min nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
APA-nın məlumatına görə, bu, Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında əksini tapıb.
Ümumiyyətlə, 2001-2014-cü illər ərzində qaçqın və məcburi köçkün üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondu və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,8 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bunun da 2,5 milyon kvadratmetr yaşayış sahəsinə malik 84-ü, yaxud 94 faizi on 11 ildə inşa edilib. Beləliklə, indiyədək 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb, onlardan da 42 min ailə, yaxud 210 min nəfər (91 faiz) son 11 ilin payına düşür. Yeni qəsəbələrin salınmasına ümumilikdə Dövlət Neft Fondundan ayrılmış 1,8 milyard manat vəsaitin 1,761 milyard manatı, yaxud 98 faizi son 11 ildə istifadə edilib. 2014-cü ildə Dövlət Neft Fondundan ayrılan vəsaitin həcmi 2003-cü ilə nisbətən 15 dəfə çox olub.
Hazırda respublikanın 15 şəhər və rayonunda 20 min ailəlik qəsəbə, məhəllə və yaşayış komplekslərinin, o cümlədən Bərdə rayonunda 588, Füzuli rayonunda 1012 Sabirabad rayonunda 440, Qazax rayonunda 300, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yaxınlığında 800, Bakı şəhəri, Pirallahı rayonu ərazisində 330, Tərtər rayonunda 1170, Şirvan şəhərində 685, Ağdaş rayonunda 320, Beyləqan rayonunda 146, Zaqatala rayonunda 135, Bakı şəhəri, Qaradağ rayonunun Ümid qəsəbəsində 300 məcburi köçkün ailəsinə yeni qəsəbə, məhəllə və ya yaşayış komplekslərinin, Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış məhəlləsinə bitişik ərazidə əlavə 2 ədəd 40 mənzilli və Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi yaxınlığında məcburi köçkünlər üçün salınmış 450 ailəlik yaşayış qəsəbəsinin ərazisində 80 mənzilli beşmərtəbəli yaşayış binalarının tikintisi, həmçinin Abşeron rayonu Qobu bələdiyyəsinin ərazisindən ayrılmış 500 hektar torpaq sahəsində Qobu Məcburi Köçkün Yaşayış Massivinin salınması ilə bağlı layihələndirmə işləri həyata keçirilir.