Bakı, 5 mart, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, regionlarda da davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Xidməti Kürdəmirdə Toğrul Məmmədova məxsus marketdə və Gəncədə Surxay Rəhimova məxsus “Təbriz” marketdə apardığı yoxlama zamanı malların yarlığında göstərilən qiymətlərlə, nəzarət-kassa aparatının fiskal yaddaşında olan qiymətlər arasında fərqlərin olduğunu, bununla da əsassız qiymət artımı yaratmaqla istehlakçıların aldadıldığını aşkar edib.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.