Xaçmaz, 4 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Yalama qəsəbəsində müasir heyvandarlıq kompleksinin yaradılmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, Yalama Dövlət Damazlıq-Südçülük Təsərrüfatının bazasında yaradılan müasir tipli pilot heyvandarlıq müəssisəsində 1100 baş inəyin saxlanılması nəzərdə tutulub. Müasir texnologiya ilə təchiz ediləcək kompleksdə gündəlik istehsal gücü 50 tona çatan süd emalı müəssisəsi də qurulacaq. Bununla yanaşı, heyvanların qida təminatının təşkili məqsədilə ərazidə saatda 5 ton yem istehsal etmək qabiliyyətinə malik zavodun tikintisi planlaşdırılıb. Kompleksin tərkibində 10 hektar ərazidə istixanalar yaradılacaq. Hazırda müasir kompleksin tikintisinin ilkin mərhələsi həyata keçirilir. 523 hektar ərazini əhatə edən heyvandarlıq müəssisənin yaradılması layihəsinin tam reallaşdırılması üçün ümumilikdə 23 milyon dollar vəsait xərclənəcək.
Heyvandarlıq müəssisəsinin direktor müavini Qəşəm Həsənov AZƏRTAC-a müsahibəsində bildirib ki, artıq kompleksin ərazisindəki əkin sahələrinə lazımi gübrələr verilərək hazırlıq işləri görülüb. Hava şəraiti uyğun olarsa, aprel ayının ilk ongünlüyündə 225 hektar ərazidə dənlik, 160 hektar ərazidə isə silosluq qarğıdalı əkiləcək. Əkin sahələrinin suvarılması üçün xaricdə istehsal olunmuş müasir suvarma qurğularından istifadə ediləcək.
Qeyd edək ki, Xaçmaz rayonunun Yalama qəsəbəsində tikilən müasir heyvandarlıq kompleksinin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.