İranda 1811 azərbaycanlı tələbə ölkə prezidenti Həsən Ruhaniyə açıq məktub ünvanlayıblar. Lent.az-ın məlumatına görə, məktuba imza atan Urmu, Təbriz, Zəncan, Marağa, Meşkinşəhər və Kəleybər universitetlərinin tələbələri İranda etniklərin hüquqlarının bərpa edilməsi üçün lazımi işlərin görülməsini istəyiblər.

 

Məktubda vurğulanır ki, inqilabdan sonra  cavabdeh şəxslərin diqqətsizlikləri nəticəsində etniklərin hüquqi və mədəni fəaliyyətləri yönündə hər hansı bir iş görülməyib. Yarı yarımçıq görülən işlər etniklərin  nəinki xeyrinə, tam zərərinə olub. Məsələn, bölgə televiziyalarında etniklərin dili yanlış işlədilir və bəzən lağa qoyulur. İranın konstitusiyasının 15-ci maddəsinin icra edilməməsi bir sıra problemlərin yaranmasına səbəb oub”.

 

Azərbaycanlı tələbələr prezidentin seçkiqabağı verdiyi bəyanatları yada salaraq, türk dilinin ölkədə rəsmi dil olmasını, mədrəsə və universitetlərdə bu dildə təhsil almaq hüquqlarının  verilməsi və İran konstitusiyasının 3, 15 və 19-cu maddələrini rəhbər tutaraq bu yöndə işlər görülməsini istəyiblər.

 

Əldə edilən məlumata görə, sonradan imzatoplayan gənclərə qarşı  güc strukturları tərəfindən təzyiq edilib, Urmu, Sulduz və Parsabaddakı Pəyami Nur Universitetlərində mühafizəçilər tələbələrin imzalarını əllərindən alıb. Bildirilir ki, imzatoplayan tələbələrdən Atabək Sepehri  imza toplama kampaniyası zamanı saxlanılıb.

 

Tələbələr yazdıqları məktubu İranın bir neçə rəsmi mətbu orqanına yollasalar da, ancaq İran mətbuatı bu məktubu yayımlamayıb.