Bakı, 4 mart, AZƏRTAC
“Neft Daşları” yatağında yerləşən 1773 nömrəli meydançada əsaslı təmir işləri başa çatdırılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, meydançadakı hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyalar və yararsız vəziyyətə düşmüş dəmir-beton plitələr yenisi ilə əvəz olunub. 1190 kvadratmetr sahəni əhatə edən meydançanın 1154 kvadratmetrlik hissəsi əsaslı təmir edilib. Təmir işləri “Neftqaztikinti” trestinin 4 saylı tikinti-quraşdırma idarəsi tərəfindən aparılıb.
Qeyd edək ki, 1974-cü ildən istismara verilən, dənizin 21 metr dərinliyində yerləşən 1773 nömrəli estakadayanı meydançada 4 hasilat quyusundan sutkada 25 tona yaxın neft və 2 min kubmetr qaz hasil olunur.