Abituriyentlər üçün ixtisas seçimi mərhələsi yaxınlaşdıqca əmək bazarında perspektivli sahələr yenidən diqqət mərkəzinə gəlir. Keçid balının aşağı olması səbəbindən çoxlarının diqqətindən kənarda qalan ixtisaslardan biri də IV ixtisas qrupuna daxil olan baytarlıqdır.
Metbuat.az xəbər verir ki, son illər Azərbaycanda aqrar sektorun inkişafı, iri heyvandarlıq kompleksləri və müasir fermer təsərrüfatlarının sayının artması peşəkar baytar mütəxəssislərinə tələbatı xeyli yüksəldib. Xüsusilə regionlarda fəaliyyət göstərən təsərrüfatlar müasir bilik və bacarıqlara malik baytarları yüksək əməkhaqqı ilə işə cəlb edir. Bu sahədə çalışan mütəxəssislərin aylıq qazancı bəzi hallarda 3000 manata və daha artıq məbləğə çata bilir. Bir sıra müəssisələr isə əməkhaqqı ilə yanaşı, mənzil və nəqliyyat kimi əlavə sosial təminatlar da təqdim edir.
Baytarlıq yalnız heyvandarlıq təsərrüfatları ilə məhdudlaşmır. Bu ixtisası bitirənlər qida təhlükəsizliyi sahəsində, özəl baytarlıq klinikalarında, baytarlıq preparatları istehsal edən və idxal edən şirkətlərdə, həmçinin elmi-tədqiqat müəssisələrində də çalışa bilirlər.
Mütəxəssislərin fikrincə, ixtisas seçərkən yalnız keçid balına deyil, gələcəkdə peşəyə olan tələbat və karyera imkanlarına da diqqət yetirmək vacibdir. Baytarlıq aşağı keçid balına baxmayaraq, hazırda əmək bazarında ən çox ehtiyac duyulan və gələcək vəd edən peşələrdən biri hesab olunur.