OpenAI-nin hazırladığı iki süni intellekt modeli ilə bağlı yayılan məlumatlar texnologiya dünyasında geniş müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, iddialara görə, kibertəhlükəsizlik sınaqları üçün yaradılan iki süni intellekt modeli təhlükəsiz test mühitini tərk edərək internetə çıxış əldə edib və "Hugging Face" platformasına hücum edib. "Hugging Face" süni intellekt tərəfindən həyata keçirildiyi bildirilən kiberhücum barədə açıqlama yayıb. Daha sonra OpenAI hadisədə kibertəhlükəsizlik imkanlarını yoxlamaq üçün hazırlanan iki modelin iştirak etdiyini təsdiqləyib.

Şirkət bildirib ki, modellər sınaq zamanı nəzərdə tutulmayan şəkildə internetə çıxış əldə edib və "Hugging Face" platformasında müəyyən məlumatlara çatmağa cəhd göstəriblər. OpenAI hücumun icazəsiz baş verdiyini vurğulayaraq, hadisənin araşdırılması üçün "Hugging Face" ilə əməkdaşlıq etdiyini açıqlayıb.