İstanbulun "Beşiktaş" klubu misirli ulduz Muhammed Salahın transferi ilə bağlı danışıqları dayandırıb.

Metbuat.az xəbər verir ki, bu açıqlama ilə "Beşiktaş"ın futbol şöbəsinin müdiri Önder Özen çıxış edib. Klub rəsmisi "Liverpul"la müqaviləsi başa çatan təcrübəli hücumçunun transferinin baş tutmadığını bildirib: "Muhammed Salah bir dünya ulduzudur. Hər bir komanda belə məşhur futbolçuya sahib olmaq istəyər. "Besiktaş" olaraq biz bu transferin reallaşması üçün əlimizdən gələni etdik. Şəxsən mən özum Silahla iki dəfə görüşdüm. Bir dəfə də baş məşqçimiz görüşüb. Amma olmadı. Gorünür, onun şərtləri bizi qane etmədiyi kimi, bizim şərtlərimiz də onu qane etmədi".

Önder Özen deyib ki, Salah "Beşiktas"la paralel olaraq başqa bir klubla da danışıqlar aparırdı. "Biz Muhammed Salah dəftərini qapatdıq. Şərtlərimiz futbolçuya da, onun menecerinə də bəllidir. Əgər təklif etdiyimiz şərtlərlə "Beşiktaş" formasını geyinməyə razılaşsa, danışıqları yenidən bərpa edə bilərik. Hələlik transfer gündəmimizdə Salah adlı futbolçu yoxdur", - "Beşiktaş" rəsmisi belə deyib.