Çilidə yerləşən və dünyanın ən böyük açıq mis mədənlərindən biri hesab olunan Çukikamata mədəni illər ərzində o qədər genişlənib ki, onun yaxınlığındakı eyniadlı şəhər tamamilə yoxa çıxıb. Bir vaxtlar minlərlə insanın yaşadığı yaşayış məntəqəsi boşaldılıb və bu gün artıq xəritədə belə mövcud deyil.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, şəhərin köçürülməsi mədənin genişlənməsi, ətraf mühitin çirklənməsi və insan sağlamlığı üçün yaranan risklərlə əlaqədar həyata keçirilib. Toz, zərərli tullantılar və ekoloji təhlükələr səbəbindən sakinlər mərhələli şəkildə yaxınlıqdakı Kalama şəhərinə köçürülüblər.

Mədən sahəsinin böyüməsi nəticəsində açıq qazıntı ərazisi zamanla yaşayış məntəqəsini tam əhatə edib. Nəhəng karxananın maksimal həddə çatmasından sonra isə mis hasilatı yerüstü üsuldan yeraltı tunellər sistemi vasitəsilə davam etdirilməyə başlanıb.

Hazırda vaxtilə həyatın qaynadığı Çukikamata şəhərindən demək olar ki, əsər-əlamət qalmayıb. Ərazi tamamilə mədən sənayesinin infrastrukturuna çevrilib və yalnız hasilat məqsədilə istifadə olunur.