İtaliya nəhəngi “İnter” “Qalatasaray”ın müdafiəçisi Vilfrid Sinqonun transferi üçün cəhdlərini davam etdirir. Lakin İstanbul təmsilçisinin fil dişili futbolçu ilə bağlı tələbi kifayət qədər yüksəkdir.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, ötən yay “Monako”dan 30 milyon avroya transfer olunan Sinqo üçün “İnter”in şifahi şəkildə 35 milyon avroluq təklif etdiyi bildirilsə də, “Qalatasaray” bu təklifi qəbul etməyib.

Baş məşqçi Okan Burukun komandada görmək istədiyi 24 yaşlı müdafiəçi üçün klub rəhbərliyi 50 milyon avro qiymət müəyyənləşdirib. Bildirilir ki, bu məbləğdən aşağı olan heç bir təklif nəzərdən keçirilməyəcək və bu barədə futbolçunun menecerinə də məlumat verilib.

Türkiyə mətbuatının məlumatına görə, “İnter”in yaxın günlərdə məbləği artıraraq yenidən danışıqlara başlaması gözlənilir.

Transfer baş tutacağı halda isə “Qalatasaray”ın heyətdə yaranacaq boşluğu doldurmaq üçün planı da hazırdır. İstanbul klubu sağ cinahda Roland Şallaiyə daha çox şans verməyi, müdafiənin mərkəzini isə “Bolonya”nın kolumbiyalı stoperi Con Lukumi ilə gücləndirməyi hədəfləyir.