2026-cı il insana bənzər robotların laboratoriyalardan çıxaraq real iş mühitində tətbiq olunmağa başladığı il kimi qiymətləndirilir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu mərhələ robotların artıq yalnız imkanlarını nümayiş etdirməsi deyil, real şəraitdə öz effektivliyini sübut etməsi ilə yadda qalır.

Məlumata görə, ötən il dünya üzrə təxminən 13 min insana bənzər robot müxtəlif şirkətlərə istifadəyə verilib. Goldman Sachs analitiklərinin proqnozuna əsasən isə 2026-cı ildə bu göstəricinin 50-100 min arasında olacağı gözlənilir.

Hazırda insanabənzər robotlardan hava limanları, avtomobil zavodları, logistika mərkəzləri və anbarlarda istifadə edilir. Ekspertlər hesab edirlər ki, 2028-2030-cu illərdə bu robotlar gündəlik həyatın da ayrılmaz hissəsinə çevriləcək.

ABŞ-nin Texas ştatında fəaliyyət göstərən Apptronik şirkəti isə bu sahədə mühüm addım ataraq "Robot Park" adlı xüsusi təlim mərkəzini istifadəyə verib. 8 min kvadratmetrdən artıq ərazini əhatə edən kompleksdə yüzlərlə insana bənzər robot gecə-gündüz real iş tapşırıqlarını yerinə yetirməyi öyrənir.

Şirkətin hazırladığı Apollo 2 robotları burada qutuların konveyer lentlərinə yüklənməsi, məhsulların çeşidlənməsi, rəflərə düzülməsi, qablaşdırma, paletlərin daşınması, inventarlaşdırma və qapıların açılması kimi əməliyyatları dəfələrlə təkrarlayaraq təcrübə qazanır. Robotlar eyni zamanda qeyri-bərabər səthlərdə hərəkət etməyi, əşyaları götürüb buraxmağı və insanlar üçün nəzərdə tutulmuş məkanlarda təhlükəsiz işləməyi də sınaqdan keçirirlər.

Robotların öyrədilməsi teleoperasiya üsulu ilə həyata keçirilir. Operatorlar xüsusi idarəetmə sistemi vasitəsilə robotların hərəkətlərini real vaxt rejimində yönləndirir, robotlar isə bu hərəkətləri təkrarlayaraq öyrənirlər. Bu proses zamanı toplanan bütün məlumatlar süni intellekt modelinin təkmilləşdirilməsi üçün istifadə olunur.

Şirkət bildirir ki, robotların "beyni" Google DeepMind-ın Gemini Robotics süni intellekt modeli ilə inteqrasiya olunub. Sistem toplanan məlumatlar əsasında daim özünü inkişaf etdirir və zaman keçdikcə robotların insan müdaxiləsi olmadan daha müstəqil işləməsinə imkan yaradır.