Azərbaycanda doğum göstəriciləri son illərin ən aşağı səviyyəsinə enib.

Metbuat.az xəbər verir ki, rəsmi statistikaya görə, ölkədə dünyaya gələn uşaqların sayı ildən-ilə azalır və bu tendensiya artıq demoqrafların da diqqət mərkəzindədir. Mütəxəssislər hesab edirlər ki, bu prosesin arxasında təkcə iqtisadi deyil, həm də sosial və psixoloji səbəblər dayanır.

Bəs bəzi gənc qadınlar niyə ana olmağı təxirə salır, hətta bəzən bundan tamamilə imtina edir?

Psixoloq Vüsalə Rüstəmin fikrincə, əsas səbəblərdən biri iqtisadi qeyri-müəyyənlikdir. Mənzil problemi, yüksək yaşayış xərcləri, uşağın təhsili və sağlamlığı ilə bağlı gələcək narahatlıqlar bir çox gənc ailəni valideyn olmaq qərarını təxirə salmağa sövq edir.

4gefkk0ago.webp

Fotoda: psixoloq Vüsalə Rüstəm

“Digər mühüm amil karyera planlarıdır. Müasir dövrdə qadınlar daha çox təhsil alır, peşəkar inkişaf etməyə çalışır və uzun illər zəhmətlə qurduqları karyeranın analıq səbəbindən yarımçıq qalmasını istəmirlər. Bu səbəbdən bir çoxu ana olmağı daha gec yaşlara saxlayır. Əlbəttə, məsuliyyət qorxusu da mühüm rol oynayır. Uşaq böyütməyin böyük mənəvi və fiziki yük tələb etdiyini düşünən bəzi qadınlar özlərini buna hazır hiss etmirlər. Sosial şəbəkələrdə ideal ana obrazının yaradılması isə bu təzyiqi daha da artırır.

Boşanmaların artması və ailə institutuna inamın zəifləməsi də qərarlara təsir edən amillərdən biridir. Bəzi qadınlar gələcəkdə təkbaşına uşaq böyütmək ehtimalından çəkinir və bu riskə getmək istəmirlər”.

“Əvvəllər ailə qurmaq və uşaq sahibi olmaq həyatın əsas məqsədlərindən biri sayılırdı. Bu gün isə bəzi gənclər səyahətə, şəxsi inkişafına, maliyyə müstəqilliyinə və fərdi azadlığa daha çox üstünlük verir. Nəticədə analıq əvvəlki qədər prioritet kimi qəbul edilmir. İstənilən halda, doğum səviyyəsinin azalmasını yalnız bir səbəblə izah etmək mümkün deyil. İqtisadi, sosial, psixoloji və mədəni amillərin birgə təsiri gənclərin ailə və valideynliklə bağlı qərarlarına təsir göstərir. Bu tendensiyanın dəyişməsi üçün həm ailələrin sosial təminatı gücləndirilməli, həm də gənclərin gələcəyə inamı artırılmalıdır”.

Naim Hüseynzadə / Metbuat.az