Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür.

Metbuat.az xəbər verir ki, Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb.

Komitənin əsas fəaliyyət istiqamətləri dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyət göstərmək, dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək, dini etiqad sahəsində maarifləndirmə işi aparmaq, dini qurumların dövlət qeydiyyatını həyata keçirmək, öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsində iştirak etmək, dini təyinatlı ədəbiyyatın və materialların ekspertizasının aparmaq, habelə yayılmasına müvafiq nəzarəti həyata keçirmək və s.-dir.

Dövlət Komitəsinin vəzifələri sırasına dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların qanunvericilik ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının həyata keçirilməsi, dini qurumların dövlət reyestrinin aparılması, dini radikalizm və ekstremizm, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması, qanunda göstərilən əsaslar olduqda dini qurumun ləğv olunması barədə məhkəməyə müraciət edilməsi və qanunvericlikdə müəyyən edilmiş digər istiqamətlər daxildir.

Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu təsis edilmişdir.

İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır. 8 dekabr 2023-cü il tarixində Nazirlər Kabinetinin qərarı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb.