Qlobal iqtisadi güc balansını və investisiya axınlarını formalaşdıran ən önəmli amillərdən biri də dünyanın ən varlı şəxslərinin toplandığı ölkələrdir.

Metbuat.az xəbər verir ki, “Forbes” və “UBS” tərəfindən dərc edilən son maliyyə hesabatlarından sonra milyard dollarlıq sərvətlərə sahib olan insanların daha çox hansı ölkələrdə cəmləşdiyi məlum olub. Dünyanın ən çox milyarderinə və milyonerinə ev sahibliyi edən ilk 5 ölkənin siyahısı həm fərdi zənginliyi, həm də qlobal kapitalın əsas mərkəzlərini əks etdirir.

Siyahının 5-ci pilləsində 156 milyarder və 2 milyon 675 min milyoneri ilə Avropanın iqtisadi motoru rolunu oynayan Almaniya qərarlaşıb. Ölkənin ən varlı şəxsi 37,8 milyard dollarlıq sərvəti ilə qlobal lojistika və nəqliyyat nəhəngi “Hapag-Lloyd” şirkətinin ortaqlarından olan Klaus-Michael Kuehnedir.

Siyahının 4-cü sırasında 41 milyarder və 2 milyon 732 min milyoneri ilə fərqlənən Yaponiya yer alır. Texnologiya nəhəngində ən böyük sərvət sahibliyi məşhur “Uniqlo” brendini özündə birləşdirən “Fast Retailing” holdinginin qurucusu və sədri Tadashi Yanaiyə (51,4 milyard dollar) məxsusdur.

Fransa isə 46 milyarder və 2 milyon 897 min milyoneri ilə siyahının 3-cü yerində yer alıb.

İkinci sıranın sahibi 470 milyarder və 6 milyon 327 min milyoneri ilə qlobal istehsalın mərkəzi Çindir. Çinin ən varlı adamı “Nongfu Spring” su şirkətinin və peyvənd istehsalçısı “Beijing Wantai”nin sahibi Zhong Shanshandır (69,6 milyard dollar).

Siyahının mütləq lideri isə 924 milyarder və 23 milyon 831 min milyoneri ilə Amerika Birləşmiş Ştatlarıdır. Ölkənin (və dünyanın) ən zəngin adamı isə "Tesla", "SpaceX", "Neuralink" və "X" kimi texnoloji imperiyaları idarə edən və bir çox ölkənin milli gəlirindən çox sərvətə - 855,7 milyard dollara sahib olan Elon Muskdır.