Bu ilin yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 12 milyard 993,9 milyon manatlıq əməliyyat aparılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb

Bu, ötən ilin eyni dövrünə nisbətən 27,4 % azdır.

İllik göstəricinin 1 milyard 542,2 milyon manatlıq hissəsi ilkin bazarda (2,4 dəfə çox), 11 milyard 451,8 milyon manatlıq hissəsi isə təkrar bazarda (33,6 % az) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 6 262 əqd bağlanılıb. Bu, illik müqayisədə 18,8 % azdır. Əqdlərin 1 407-si ilkin bazarın (76,5 % çox), 4 855-i isə təkrar bazarın (29,7 % az) payına düşüb.

Yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 773,6 milyon manatlıq hissəsi və yaxud 6 %-i dövlət qiymətli kağızlarının, 1 milyard 467,8 milyon manatlıq hissəsi və yaxud 11,3 %-i korporativ qiymətli kağızların, 10 milyard 752,6 milyon manatlıq hissəsi və yaxud 82,8 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 3,4 dəfə çox, 53,3 % çox və 35,7 % azdır.

3 ayda bu bazarda bağlanmış əqdlərin isə 160-ı və yaxud 2,6 %-i dövlət qiymətli kağızlarının, 4 747-si və yaxud 75,8 %-i korporativ qiymətli kağızların, 1 355-i və yaxud 21,6 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 40,5 % az, 18,9 % az və 14,5 % azdır.