27 aprel tarixində Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirilib.
Metbuat.az xəbər verir ki, Azərbaycan Əməliyyat Şirkətinin İnklüziv tədbirlərin planlaşdırılması üzrə baş koordinatoru Səbinə Məmmədova və Müyəssərlik və inklüzivlik üzrə tədbir meneceri Leyla Səfərli “WUF13 tədbirində müyəssərlik və inklüzivlik”, mövzusundakı çıxışlarında əlilliyi olan şəxslər üçün nəzərdə tutulan xidmətlər və inklüzivliyin təmininə yönəlmiş tədbirlər barədə danışıblar.
Çıxışlarda bildirilib ki, forum günlərində fiziki məhdudiyyətli şəxslər üçün təmir xidməti, mühərrikli təkərli oturacaqlar üçün portativ şarj stansiyaları, həmçinin 40 ədəd ehtiyat təkərli oturacaq (20 manual və 20 elektrikli) təmin ediləcək. Bələdçi itlər üçün baytarlıq xidməti də təşkil olunacaq.

Eyni zamanda inklüzivliyin gücləndirilməsi məqsədilə 4200 nəfəri əhatə edən maarifləndirmə təlimləri keçirilir. Bu təlimlərə 800 sürücü, 200 təhlükəsizlik əməkdaşı, 3000 könüllü, 100 aeroport işçisi və 70 qonaq qarşılama əməkdaşı cəlb olunub.
Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün 10 iclas zalında induksiya sistemi qurulacaq, 15 otaqda işarə dili üzrə tərcümə təmin ediləcək və çıxışların real vaxtda mətnə çevrilməsi üçün CART sistemi tətbiq olunacaq.
Bundan əlavə, kognitiv və “görünməz əlilliyi” olan şəxslər üçün günəbaxan qolbaqları təqdim ediləcək. Bu qolbaqlar əlavə dəstəyə ehtiyacı olan şəxslərin tanınmasına kömək edir və könüllü istifadə üçün nəzərdə tutulub. Ümumilikdə 200 ədəd qolbaq istifadəyə veriləcək.
Tədbir çərçivəsində xüsusi olaraq “sakit otaqlar” da təşkil olunacaq. Bu otaqlar sensor həssaslığı olan, səs-küydən uzaqlaşmağa ehtiyac duyan və ya qısa fasilə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. İştirakçılar ehtiyac yarandıqda bu otaqlardan istifadə edərək sakit və komfortlu mühitdə dincələ biləcəklər.
Qeyd olunub ki, bu otaqlar beynəlxalq standartlara uyğun qurulub və tədbir iştirakçılarının rahatlığı üçün tam uyğunlaşdırılıb.

Bildirilib ki, WUF13 beynəlxalq tədbir olduğu üçün may ayı ərzində ölkəyə çoxsaylı xarici qonaqların gəlməsi gözlənilir. Bu səbəbdən şəhər mühitinin də əlçatanlığının artırılması istiqamətində işlər aparılıb.
Belə ki, paytaxtda ticarət mərkəzləri, turistik məkanlar, restoranlar, məscidlər, küçələr və muzeylər də daxil olmaqla ümumilikdə 24 məkanda xüsusi qiymətləndirmə və uyğunlaşdırma tədbirləri həyata keçirilib.
Bu addımların məqsədi xarici qonaqların və əlilliyi olan şəxslərin şəhərdə sərbəst və rahat hərəkətini təmin etmək, eləcə də inklüziv mühitin formalaşdırılmasına töhfə verməkdir.
Gülbəniz Hüseynli / Metbuat.az