“Hazırda dünyada təxminən 3 milyard insan adekvat mənzil şəraitindən məhrumdur. 1 milyarddan çox insan isə qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır.”

Mətbuat.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün keçirilən növbəti məlumatlandırma sessiyasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina deyib.

O bildirib ki, evsizlik problemi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün ciddi qlobal çağırış olaraq qalır və mövzu son dərəcə aktualdır.

Katerina Bezqaçina forumun beynəlxalq qərarvermə prosesində mühüm rol oynadığını vurğulayaraq qeyd edib ki, World Urban Forum yalnız müzakirə platforması deyil, həm də qlobal qərarların formalaşmasına töhfə verən mühüm mexanizmdir.

“Forumda səsləndirilən fikirlər daha sonra BMT səviyyəsində təqdim olunur. Xüsusilə Dayanıqlı İnkişaf Məqsədi 11 – dayanıqlı şəhərlər və icmalar üzrə aparılan müzakirələr iyul ayında keçiriləcək yüksək səviyyəli forumların gündəliyinə daxil ediləcək”, – deyə o bildirib.

O əlavə edib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası, münaqişədən sonrakı bərpa prosesi, sosial mənzillərin inkişafı və mənzil sektorunun iqtisadi inkişafa təsiri kimi məsələlər geniş müzakirə olunacaq.

Bezqaçina WUF13-ün Azərbaycanda keçirilməsinin media üçün də unikal imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə, tədbir jurnalistlərə qlobal ekspertlərlə birbaşa ünsiyyət qurmaq, beynəlxalq təcrübəni izləmək və şəhərsalma sahəsində aktual mövzuları yerində işıqlandırmaq imkanı verəcək.

Gülbəniz Hüseynli / Metbuat.az