Qlobal avtomobil bazarında ucuz Çin istehsalı elektrikli nəqliyyat vasitələri ilə rəqabət bir çox iri şirkətlər üçün ciddi sınağa çevrilib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu prosesdən ən çox təsirlənən markalardan biri də "Honda" olub. Yapon istehsalçı Çin modelləri ilə ayaqlaşmağa çalışarkən 15,8 milyard dollarlıq böyük maliyyə itkisi ilə üzləşdiyini açıqlayıb.
Məlumata görə, yaranmış maliyyə çətinlikləri şirkətin elektrikli avtomobil strategiyasına yenidən baxmasına səbəb olub. Nəticədə uzun müddətdir gözlənilən “0 Series” modelləri, eləcə də “Sony” ilə birgə həyata keçirilən elektrikli avtomobil layihəsi dayandırılıb.
Şirkətin Çin bazarındakı göstəriciləri son illərdə kəskin geriləyib. Belə ki, 2020-ci ildə 1,62 milyon ədəd olan satış həcmi 2025-ci ildə 640 min ədədə qədər azalıb. Mövcud dinamika 2026-cı ilin sonuna qədər illik istehsalın 600 min ədədin altına düşə biləcəyini göstərir.
“Toshihiro Mibe”nin 2026-cı ilin fevralında Çində yerləşən ehtiyat hissələri zavoduna səfəri vəziyyətin ciddiliyini ortaya qoyub. O, Çin istehsalçılarının sürəti qarşısında “bununla rəqabət aparmaq çox çətindir” deyərək tərəfdaşlara təcili tədbirlər görülməsi ilə bağlı çağırış edib.
Ekspertlər bildirirlər ki, Çin şirkətlərinin sürətli və ucuz istehsalının əsas səbəbi innovativ texnologiyalardır. Məsələn, “Xiaomi” kimi yeni oyunçular “gigacasting” üsulundan istifadə edərək onlarla detalı bir hissədə birləşdirir, qaynaq nöqtələrini azaldır və istehsal müddətini əhəmiyyətli dərəcədə qısaldır.
Bundan əlavə, ənənəvi konveyer xətləri əvəzinə robotlaşdırılmış istehsal stansiyalarının tətbiqi gündə 1000 avtomobil istehsalına imkan yaradır. Bu yanaşma sayəsində Çin istehsalçıları yeni model hazırlama müddətini ənənəvi şirkətlərlə müqayisədə xeyli qısaldır.
Məlumata görə, “Honda” rəqabətə uyğunlaşmaq üçün elmi-tədqiqat bölməsini yenidən müstəqil quruma çevirir və minlərlə mühəndisi daha çevik və müstəqil fəaliyyət göstərə biləcəkləri strukturlara yönləndirir.