“2026-cı ilin fevral ayı üzrə paytaxtın mənzil bazarında qiymət dinamikası sabit artım trayektoriyasını qorumaqda davam edir”.
Bunu Metbuat.az-a açıqlamasında “MBA Consulting Group” şirkətinin direktoru, iqtisadçı Faiq İbrahimov bildirib.
O qeyd edib ki, paytaxtın daşınmaz əmlak bazarında formalaşan orta qiymət göstəricisi müxtəlif seqmentlərin təsiri ilə təxminən 2828 manat/kv.m təşkil edir: “Bu da bazarın hazırkı dövrdə sabit artım mərhələsində olduğunu göstərir. Yeni və köhnə tikili mənzillərin paylarına əsaslanan kompozit indeks bazarda qiymətlərin struktur baxımından nisbətən balanslı şəkildə formalaşdığını göstərir. Köhnə tikili mənzillərin orta qiyməti 2677 manat/kv.m, yeni tikililərin isə 3004 manat/kv.m səviyyəsindədir. Yeni tikililərdə qiymətin daha yüksək olması birbaşa mühəndis infrastrukturu, planlaşdırma keyfiyyəti və premium layihələrin artması ilə əlaqədardır”.

Fotoda: Faiq İbrahimov
İqtisadçı yeni tikili seqmentində təmir vəziyyətinə görə qiymət fərqlərinə də toxunub: “Təmirli mənzillərin orta qiyməti 2889 manat/kv.m, təmirsizlərin isə 3064 manat/kv.m təşkil edir. Bir çox premium layihələrdə mənzillər təmirsiz təhvil verildiyi üçün alıcıların fərdi dizayna üstünlük verməsi bu seqmentdə qiymətlərin daha yüksək formalaşmasına gətirib çıxarır. Şəhərin coğrafi qiymət bölgüsünə gəldikdə isə, mərkəzi rayonlarda qiymətlərin daha yüksək olduğunu söyləyə bilərik. Bakı şəhərinin mərkəzi ərazilərindən olan Səbail rayonunda qiymətlər təxminən 3400 manat/kv.m, Nərimanovda 3030 manat/kv.m, Yasamalda isə 2950 manat/kv.m civarında dəyişir”.
Müsahibimiz vurğulayır ki, periferiya zonalarında qiymətlər orta hesabla iki dəfə aşağıdır ki, bu da paytaxtda ciddi seqmentasiya yaratmağa davam edir: “Satış portfelində iki və üç otaqlı mənzillərin payının yüksək olması bir daha göstərir ki, bazarda əsas tələb orta ölçülü mənzillər üzrə cəmlənib. Kiçik sahəli mənzillərdə kvadratmetr qiymətinin nisbətən yüksək olması isə investisiya yönümlü alıcıların marağı ilə bağlıdır. Premium seqmentdə az sayda, lakin çox baha elanların mövcudluğu orta qiyməti yüksəldir. Variasiya əmsalının 25-26 faiz intervalında olması isə bazarın müxtəlif qiymət zolaqlarından formalaşdığını göstərir. Fevral ayında satışda olan mənzillərin ümumi portfelinin dəyəri 9,5-10 milyard manat, ümumi sahəsi isə 3,5 milyon kv.m təşkil edib” – iqtisadçı söyləyib.
Əlavə edib ki, bu rəqəmlər Bakının daşınmaz əmlak bazarının ölkə iqtisadiyyat üçün ciddi maliyyə tutumuna malik olduğunu göstərir: “Son iki ilin dinamikası göstərir ki, Bakı mənzil bazarında illik orta artım tempi təxminən 6,9 faiz təşkil edir. İqtisadi şərait dəyişməz qaldığı halda 2026-cı ilin sonuna doğru orta qiymətin 2900-3000 manat/kv.m intervalına yaxınlaşması yüksək ehtimaldır. Premium layihələrin genişlənməsi, yeni yaşayış komplekslərinin artması və ipoteka kreditlərinin rolu növbəti dövrlərdə də bazarın qiymət dinamikasına əsas təsir edən amillər olaraq qalacaq. Paytaxt mənzil bazarı həm investisiya baxımından cəlbediciliyini qoruyur, həm də strukturally stabil inkişaf trayektoriyası nümayiş etdirir”, - deyə İbrahimov fikrini yekunlaşdırıb.