ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 9–11-də Cənubi Qafqaza rəsmi səfər edəcək. Bu səfər təkcə diplomatik təmaslar deyil, eyni zamanda bölgənin geosiyasi və iqtisadi gələcəyinə dair strateji niyyətlərin göstəricisi kimi dəyərləndirilir.

Metbuat.az Kredit.az-a istinadən xəbər verir ki, Vensin səfəri 2008-ci ildən sonra ABŞ-dən Cənubi Qafqaza vitse-prezident səviyyəsində həyata keçirilən ilk rəsmi səfərdir. Həmin vaxt regionda olan şəxs sabiq vitse-prezident Dik Çeyni olmuşdu.

Səfər proqramına əsasən, Ceyms Devid Vens 9–10 fevral tarixlərində Ermənistanda, 10–11 fevralda isə Azərbaycanda olacaq. Bu ardıcıllıq Vaşinqtonun regionda balanslaşdırılmış, lakin prioritetləri olan siyasət yürütdüyünü göstərir.

Ekspertlərin fikrincə, Vensin əvvəlcə Ermənistana, ardınca isə Azərbaycana səfəri ABŞ-nin Cənubi Qafqazda Rusiya təsirini zəiflətmək, eyni zamanda enerji, nəqliyyat və investisiya marşrutlarında yeni iqtisadi arxitektura formalaşdırmaq niyyətindən xəbər verir. Xüsusilə Ermənistanın illərdir Rusiya kapitalı və infrastrukturu ilə sıx bağlı olan strateji sektorlarına dair imzalanan sənədlər Vaşinqtonun bu ölkəni mərhələli şəkildə fərqli iqtisadi orbitə çıxarmaq planının tərkib hissəsi kimi qiymətləndirilir.

Bu kontekstdə Vensin Bakıya səfəri isə ABŞ-nin Azərbaycanı regionun əsas iqtisadi və enerji dayağı kimi qəbul etdiyini göstərir. Analitiklər hesab edirlər ki, Bakı Vaşinqton üçün yalnız siyasi tərəfdaş deyil, həm də Avropa və Asiya arasında kritik enerji və logistika mərkəzi rolunu oynayır.

Beləliklə, ABŞ vitse-prezidentinin Cənubi Qafqaza səfəri sıradan diplomatik hadisə deyil. Bu səfər regionda iqtisadi rəqabətin kəskinləşəcəyini, investisiya uğrunda mübarizənin yeni mərhələyə keçdiyini və Azərbaycanın bu prosesdə strateji üstünlüklərini düzgün idarə etməli olduğu dövrün başlandığını göstərir.