Müddətsiz əmək müqaviləsi ilə çalışan işçilərin işdən azad edilməsi yalnız qanunla müəyyən edilmiş əsaslar və prosedurlar çərçivəsində mümkündür. Lakin praktikada bəzi hallarda işəgötürənlər əmək münasibətlərinə birtərəfli və şifahi göstərişlə son qoymağa cəhd edirlər ki, bu da ciddi hüquqi mübahisələrə səbəb olur. Bəs rəsmi qaydada müddətsiz əmək müqaviləsi ilə çalışan işçiyə işəgötürən “sabahdan işə gəlmə, ərizəni yaz və çıx” deyə bilərmi? Belə bir halda işçi ərizə yazmaqdan və işdən çıxmaqdan imtina edərsə, məsələ hüquqi baxımdan hansı prosedurla həll olunmalıdır?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, Əmək Məcəlləsinə görə, əmək müqaviləsinə yalnız qanunla nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Bu halları ümumilikdə iki qrupa - tərəflərdən birinin təşəbbüsü ilə və tərəflərin iradəsindən asılı olmayan hallar üzrə bölmək olar:
“Tərəflərdən birinin təşəbbüsü dedikdə, həm işçinin, həm də işəgötürənin təşəbbüsü nəzərdə tutulur. İşçi Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq ərizə yazmaqla əmək müqaviləsinə xitam verilməsini xahiş edə bilər. Eyni zamanda, 70-ci maddəyə əsasən, işəgötürənin təşəbbüsü ilə də əmək müqaviləsinə xitam verilməsi mümkündür. Bundan başqa, tərəflərin təşəbbüsü ilə bağlı digər maddələr də mövcuddur. Tərəflərin iradəsindən asılı olmayan hallara isə hərbi xidmətə çağırılma, şəxsin müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, şəxsin vəfat etməsi və digər hallar daxildir”.

S.Məmmədov qeyd edib ki, işəgötürən əmək müqaviləsinə yalnız qanunla müəyyən edilmiş hallarda xitam verə bilər:
“Məsələn, müəssisə ləğv edildikdə və ya ştatlar ixtisar edildikdə bu mümkündür. Lakin bunun üçün müvafiq prosedur, əvvəlcədən xəbərdarlıq və müavinət mexanizmi mövcuddur. Bundan başqa, işçi əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduqda və bu hallar Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan şərtlərə uyğun olduqda, attestasiyadan keçmədikdə, sınaq müddətini uğurla başa vurmadıqda və digər qanuni əsaslar olduqda da xitam verilə bilər”.
Hüquq müdafiəçisi vurğulayıb ki, işəgötürənin işçiyə “öz ərizənlə işdən çıx” kimi göstəriş verməsi əmək qanunvericiliyi ilə qadağandır:
“Əgər sübut olunsa ki, işçi öz iradəsindən asılı olmayan səbəblərə görə – qorxu, hədə-qorxu və ya təhdid altında belə bir ərizə yazmağa məcbur edilib, bu halda məhkəmə işçinin işə bərpası barədə qərar verə bilər. Yəni bu, qanunsuz tələbdır. İşəgötürən yalnız qanunda sadalanan əsaslar çərçivəsində əmək müqaviləsinə xitam verə bilər, işçini öz ərizəsi ilə işdən çıxmağa məcbur etmək isə qanuna ziddir”.
Sevinc İbrahimzadə / Metbuat.az