"Türkiyə ABŞ-nin İrana mümkün hərbi müdaxiləsinin əleyhinədir".
Metbuat.az-ın məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Türkiyənin bu mövqeyini anlamaq mümkündür:
"ABŞ-ın vaxtilə İraq və Suriyaya hərbi müdaxilələri Türkiyə üçün ciddi problemlər yaradıb. Ankarada hesab edirlər ki, ABŞ-ın İrana mümkün müdaxiləsi də Türkiyə üçün əlavə risklər formalaşdıra bilər. Bu səbəbdən Türkiyə Vaşinqtonla təmaslarını intensivləşdirərək müdaxilə ssenarisinin qarşısını almağa çalışır. Öz növbəsində Tehran da bu prosesdə Ankaranın imkanlarından yararlanmaq niyyətindədir".

E.Şahinoğlu qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İranda baş verən qətliamlar fonunda İran rəsmiləri ilə təmaslara ara verdiyini açıqladıqdan sonra Tehran Ankaraya müraciət edib:
"İran və Türkiyənin xarici işlər nazirləri Abbas Əraqçi və Hakan Fidan 24 saat ərzində iki dəfə telefon danışığı aparıblar. Tehran Ankaradan Vaşinqtonu hərbi müdaxilə ssenarisindən imtina etməyə inandırmasını istəyib. Hakan Fidan Abbas Əraqçi ilə danışıqlardan sonra ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barrakla görüşüb. Tom Barrak Donald Trampın yaxın dostu kimi Prezidentlə birbaşa təmas imkanına malikdir və Ankaranın mövqeyini Trampa çatdıracağı gözlənilir".
Politoloqun fikrincə, əgər ABŞ Prezidenti İrana müdaxilə qərarı verərsə, Türkiyənin maraqları nəzərə alınmaya bilər. Türkiyə İranda gərginliyin azalmasını və ölkənin ərazi bütövlüyünün qorunmasını dəstəkləsə də, Ankarada İrandakı rejimin illər boyu PKK-nı dəstəklədiyi faktı da unudulmur.
Sevinc İbrahimzadə / Metbuat.az