Azərbaycana idxal olunan kərə yağı üçün 2017-ci ildən tətbiq edilən və 15 faizdən 5 faizə endirilmiş güzəştli rüsum dərəcəsi indiyədək hər il uzadılırdı. Lakin bu il həmin güzəştin müddəti artırılmayıb. Nəticədə, 2026-cı il yanvarın 1-dən etibarən kərə yağının idxal rüsumu yenidən 5 faizdən 15 faizə qaldırılıb. Onsuz da istehlak bazarında kərə yağının qiyməti kifayət qədər yüksək idi. Bir çoxlarının fikrincə, güzəştlərin ləğvindən sonra qiymətlər daha da bahalaşa bilər.
İqtisadçı Eyyub Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, kərə yağının qiymətində müşahidə olunan bahalaşma tələbin azalmasına ciddi təsir göstərir:
“Dövlət Gömrük Komitəsinin statistik göstəricilərinə əsasən, 2025-ci ildə kərə yağının idxalı 12,5 faiz azalıb, daxili istehsalda isə 10,4 faizlik azalma qeydə alınıb. Bu göstəricilər bazarda qiymət artımının real nəticələrini açıq şəkildə ortaya qoyur. Ötən ilin ilk 11 ayının yekunlarına əsasən, Azərbaycana idxal olunan kərə yağının 1 kiloqram üzrə orta idxal qiyməti 11,76 manat olub. 2024-cü ilin eyni dövründə bu göstərici 9,78 manat təşkil edib ki, bu da 1,98 manat və ya 20,3 faiz artım deməkdir”.
Ekspertin sözlərinə görə, idxal qiymətində artım olsa da, 11,76 manata idxal edilən kərə yağının marketlərdə 27–30 manata satılması qiymət fərqinin əsas səbəbinin süni bahalaşma olduğunu göstərir.
O qeyd edib ki, bu problemin qarşısını almağın yolu rəqabət mühitinin şəffaflaşdırılması və inhisarçıların bazar payına ciddi nəzarət edilməsidir.
Sevinc İbrahimzadə / Metbuat.az