Ukrayna Prezidenti Volodimir Zelenski Alyaska sammitinin nəticələrini tanımayacağını bəyan edib. Buna səbəb kimi toplantıda iştirak etməməsini göstərib. O deyib ki, Ukrayna olmadan Ukrayna haqqında danışmaq mümkün deyil. Bu halda ABŞ və Rusiya hansı qərarlar qəbul edə bilər?

Politoloq Əli Mustafa Metbuat.az-a açıqlamasında bildirib ki, Ukraynanın narahatlığı təbiidir, çünki ABŞ Prezidenti Donald Trampın mövqeyi bəlli deyil.

Politoloqun sözlərinə görə, əslində, bu narahatlıq yalnız Zelenskiyə və Ukraynaya aid deyil. Avropa İttifaqı, eləcə də bir çox dövlətlərin liderləri də bu ikili görüşdən əndişəlidirlər:

“Onlar düşünürlər ki, burada hansısa anlaşmalar ola bilər. Rusiya ilə Ukrayna arasında artıq dördüncü ildir davam edən savaşın nəticələrini iki dövlət – konkret olaraq ABŞ və Rusiya müəyyən edə bilər. Hətta təkcə bu savaşın nəticələri deyil, bütövlükdə dünyanın yeni düzəni ilə bağlı ikili bir qərar verilməsindən də narahatlıqlar var. D.Tramp bir neçə dəfə bildirib ki, ərazi mübadiləsi və ərazi güzəştləri olmalıdır, xüsusilə Ukrayna hansısa əraziləri itirməli və ya verməlidir. Onun fikrincə, başqa cür Rusiyanı razı salmaq mümkün deyil. Görünür, bu görüşün nəticələrinin Ukraynanın ərazi bütövlüyünə zərər vura biləcəyini ehtimal edən Zelenski belə açıqlama verir. Bu, sanki başdan onların anlaşmasının nəticələrini etibarsızlaşdırmaq məqsədi daşıyır”.

Ə.Mustafa Trampın açıqlamalarına əsasən bildirib ki, o, Ukraynanın bəzi xüsusi, zəngin ərazilərini geri almasını istəyir:

“Amma yenə dediyim kimi, nə Trampın, nə də Putinin dəqiq mövqeyi bəllidir. Ona görə də Zelenski sanki Ukraynanın ərazi bütövlüyünü sığortalamağa çalışır. Yəqin ki, bu görüşün nəticəsi son qərar olmayacaq. Tramp artıq demişdi ki, bu görüşdən sonra üçlü sammiti, yəni Zelenskini də masaya gətirməyi düşünür”.

Ekspertin sözlərinə görə, narahatlığın əsas səbəbi budur ki, Rusiya və ABŞ hansısa şirnikləndirici təkliflər irəli sürə və bunun nəticəsində Ukraynanın milli maraqlarına zərər vuran güzəştlər əldə edə bilər:

“Ümumiyyətlə, Ukrayna məsələsi Rusiya üçün prioritetdir. Putin üçün bu, o qədər əhəmiyyətlidir ki, Rusiya hər şeyini itirməyə hazırdır, tükənmə savaşına gedir, milyondan çox əsgər və zabitinin ölməsinə razıdır, amma işğal etdiyi əraziləri qaytarmaq istəmir. Narahatlıq həm də ondadır ki, Putin və Tramp başqa məsələlərdə də anlaşa bilərlər və bu, Ukrayna xalqının mübarizəsini nəticəsiz edə bilər. Hər halda, bütün ehtimallara baxmayaraq, bu görüşün nəticəsini tam proqnozlaşdırmaq olmur. Mənim bildiyim qədər, ABŞ-də və Avropada bir çox siyasi xadimlər bu görüşün baş tutmamasına çalışırlar. Hətta Amerikada Trampa etimadsızlıq – impiçment tətbiq edilməsi ilə bağlı təşəbbüslər var. Onlar hesab edirlər ki, bu görüş Trampın səyi nəticəsində Putini blokadadan çıxara, onun nüfuzunu artıra və ona legitimlik qazandıra bilər. Ona görə də bu görüşün olmaması tərəfdarları çoxdur. Görüşə bir-iki gün qalsa da, baş tutub-tutmaması hələ sual altındadır. Onun nəticələrinin Ukrayna və dünya üçün xeyirli olub-olmayacağı isə ayrı məsələdir”.

Sevinc İbrahimzadə / Metbuat.az