VI Bakı Beynəxalq Humanitar Forumu Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçən və beynəlxalq səviyyədə tanınan çox ciddi dialoq platformasıdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov deyib.

O qeyd edib ki, Foruma maraq getdikcə artır, çünki bu tədbirdə müzakirə olunan aktual problemlər perspektivdə öz həllini tapır:

"Bu beynəlxalq dialoq platformasında heç bir ölkənin müstəqil şəkildə həll edə bilməyəcəyi qlobal problemlər müzakirə olunur".

S.Neverov eyni zamanda dinamik inkişaf edən və möhkəmlənən Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini qeyd edib.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Milli.Az