Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına, 2 saylı İstintaq təcridxanasına və Şəki Penitensiar müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar xidmətdən Publika.az-a verilən
məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 5
il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Muxtarov Vüqar Habil
oğlu Bakı İstintaq təcridxanasına qəbul olunarkən üzərinə baxış
keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan
bükülüdə ümumi çəkisi 15,380 qram olan narkotik maddə - “Heroin”
aşkar edilib.
Cinayət Məcəlləsinin 177.3.2; 186.2.1 və 66.3-cü maddələrinə əsasən
7 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 2 saylı
İstintaq təcridxanasında saxlanılan məhkum Heydərov Rüstəm Fərrux
oğluna qardaşı Goranboy rayon sakini Heydərov Ruslan Fərrux oğlu
tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman torbada olan
narların arasında gizlədilmiş bir ədəd “Nokia” markalı mobil
telefon aparatı aşkar edilib.
Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.9; 120.2.11; 181.3.3
və 66.3-cü maddələrinə əsasən 12 il 2 ay müddətinə azadlıqdan
məhrum edilmiş və hal-hazırda Şəki Penitensiar müəssisəsində
saxlanılan məhkum Rüstəmov Orxan Kamran oğlunun yanına qısamüddətli
görüşə gəlmiş bibisi Mingəçevir şəhər sakini Rüstəmova Nəzakət
Kamal qızının gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman
alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi
çəkisi 2,36 qram olan narkotik maddə - “Marixuana” aşkar
edilib.
Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən həbs edilmiş və
hal-hazırda Şəki Penitensiar müəssisəsində saxlanılan şəxs
Mustafayev Nurəddin Novruz oğlunun yanına qısamüddətli görüşə
gəlmiş anası Şəki şəhər sakini Mustafayeva Zərnaz Fikrət qızının
üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman adyalın arasında
gizlədilmiş bir ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar
edilib.
Hər bir faktla bağlı araşdırma aparılır.