ABŞ Prezidetinin Səudiyyə Ərəbistanı ilə silah satışı sövdələşməsinin ləğv edilməyəcəyi ilə bağlı açıqlamasından sonra neft bazarında sakitlik müşahidə edilir. "BP"nin rəhbəri Bob Dudley isə neftin indiki qiymətini dünya üçün qeyri-sağlam kimi dəyərləndirib. Mövcud qiymətdəki artımlar daha çox siyasi səbəblərlə bağlıdır. İrana qaşı sanksiyalar və eləcə də Venesualadakı böhran da qiymətə təsir göstərdir. Siyasi səbəblər, o cümlədən Venesualadakı böhran səngiyərsə, neftin qiyməti yenidən hər barel üçün 60-65 dollaradək enə bilər.

Milli.Az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspert yüksək neft qiymətləri fonunda manatın möhkəmlənə bilməsi ilə bağlı məsələyə də toxunub: "Manatın məzənnəsinin müəyyənləşməsində Mərkəzi Bank aparıcı mövqeyini qoruyub saxlayır. Deməli, kursun necə dəyişməsi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Amma baş bankın son açıqlamalarından görünür ki, Mərkəzi Bank manatın məzənnəsinin möhkəmlənməsində maraqlı deyil. Sözügedən bank mövcud kursu qoruyub saxlamaqa çalışır. O baxımdan, neftin qiymətinin yüksək olmasına baxmayaraq manatın möhkəmlənməsinin hələlik Mərkəzi Bankın gündəliyində olmadığı anlaşılır".

V.Bayramov növbəti aylarda ölkədə dollara tələbin artıb-azalmasına da aydınlıq gətirib: "Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən, ölkəmizdə dollara tələbin yenidən dekabr ayında artacağı gözlənilir. Bu maliyyə ilinin sonuncu ayı olması səbəbindən dövlət və özəl qurumların xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalda və büdcə xərcləmələrində gözlənilən artımlar və xarici səfərlərin sayının artması ilə bağlıdır".

İlkin İzzət
Milli.Az