"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Topaz Premyer
Liqanın 8-ci turunda evdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları
oyunda qırmızı vərəqə alaraq komandasını pis vəziyyətdə qoyduğu
üçün klub rəhbərliyi tərəfindən cəzalandırılacaq.
Publika.az "Report"a istinadən xəbər verir ki, bu barədə
"gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Nazim Süleymanov
qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında açıqlama verib.
53 yaşlı mütəxəssis bildirib ki, təcrübəli müdafiəçi mütləq
cərimələnəcək. Süleymanov Hüseynovun sonradan qaydanı pozması ilə
nəticələnən epizoddan əvvəl adi vəziyyətdə topu itirməsini düzgün
saymayıb: "Rəqib sənə qarşı hirsli olsa da, özün sakit olmalısan.
Rəqibdə elə futbolçular var ki, səni təxribata çəkə bilərlər. Bu,
özü bir taktiki hazırlıq idi. Biz məşqçilər bunu futbolçuların
diqqətinə çatdırırıq. Həmin epizodda sadə oynamaq lazım idi, rəqibi
aldatmaq yox".
Baş məşqçi matçın gedişini isə belə dəyərləndirib: "Oyuna pis
başladıq. Təəssüf ki, yenə qırmızı vərəqə aldıq. Hələ ilk hissədən
azlıqda qaldıq. İkinci hissədəki dəyişiklikdən sonra kənardan
görünürdü ki, üstünlük bizdədir. Əfsuslar olsun ki, yüzfaizlik qol
epizodundan istifadə edə bilmədik. İkinci hissə bizim, ilk hissə
"Sabah" üçün maraqlı oldu. Rəqib qol şansından istifadə etdi".
Baş məşqçi hesabda geridə olduqları vaxt hücumu
gücləndirməmələrinin səbəbini belə izah edib: "Hər kəsin fikrinə
hörmətlə yanaşmaq lazımdır. Bir nəfər azlıqda oynayırdıq, müdafiədə
onsuz da boşluqlar vardı. Nə olsun ki, hesabda geridə idik? Sadəcə,
qol şansından istifadə etmək lazım idi. Elə epizodlarda qolları
vurmalı idilər".
Qeyd edək ki, Vurğun Hüseynov bu mövsüm ikinci dəfə qırmızı vərəqə
alıb. O, ilk turda "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları
qarşılaşmada da meydandan qovulub.