Tanınmış jurnalist Səbuhi Məmmədli növbəti əməliyyat üçün yenidən Ukraynaya gedir.

Bu barədə Metbuat.az saytına tanınmış jurnalistin özü məlumat verib. O qeyd edib ki, 18 oktyabrda Poltava Şəhər Mərkəzi Klinik xəstəxanasında müayinədən keçəcək: “Bildiyiniz kimi keçən ay şəkərli diabetlə bağlı Ukraynanın Mirqorod şəhərində müalicə alarkən qəfil geniş infarkt keçirdim. Məni təcili olaraq Poltava şəhər xəstəxanasına yerləşdirdilər. Həkimlərin səyi nəticəsində ölümün pəncəsindən xilas oldum. Cərrah-kardioloq Roman Reyabuşka bildirdi ki, daha iki ürək damarıma stend qoyulmalıdır. O qeyd etdi ki, ola bilsin açıq ürək əməliyyatı keçirilsin. İndi hər şey müayinə və analizdən sonra bəlli olacaq”.

Qeyd edək ki, Səbuhi Məmmədlinin Ukraynada əməliyyata getməsi üçün sosial şəbəklərdə yardım kampaniyası başlanılmışdı. Bir müddət öncə isə tanınmış jurnalist Metbuat.az-ın canlı yayımının qonağı olub, xəstəliyi və əməliyyatı barədə ətraflı məlumat verib. Kampaniyanın gedişində Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov ölkə başçısı cənab İlham Əliyevə jurnalistin müalicəsinə kömək göstərilməsi üçün xahiş edib.

Səbuhi Məmmədli Metbuat.az-a açıqlamasında bildirib ki, cənab prezidentin belə bir göstərişi verəcəyini gözləyirdi: “Çünki dövlət başçısı həmişə yaradıcı insanlara, xüsüsən də jurnalistlərə xüsusi diqqətlə yanaşıb. Fürsətdən istifadə edib bir daha ölkə başçısına minnətdarlığımı bildirirəm. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova təşəkkür edirəm. Yardım kampaniyası boyu mənə dəstək verən bütün insanlara sonsuz ehtiramımı bildirirəm. Mən bir daha əmin oldum ki, vəzifəsindən, sosial vəziyyətindən asılı olmayaraq, Azərbaycan insanı sözün həqiqi mənasında çox mərhəmətlidir. Hamınız sağ olun. Allah hamınızı hifz etsin və heç vaxt xəstələnməyin”.

Qeyd edək ki, jurnalist artıq Ukraynaya yola düşüb.


Günay Elşadqızı / METBUAT.AZ