İstanbulda müəmmalı şəkildə yoxa çıxmış məşhur səudi jurnalist Camal Həşoqqinin Səudiyyə Ərəbistanının konsulluğunda qətlə yetirildiyi və cəsədinin Türkiyədən gizli şəkildə çıxarıldığı əsla istisna olunmur.

Milli.Az European-a istinadən bildirir ki, 59 yaşlı Camal Həşoqqi ABŞ-ın "Washington Post" qəzetində də dərc olunurdu. O, Səudiyyə Ərəbistanındakı mövcud hakimiyyətin sərt tənqidçisi kimi tanınırdı.

Camal Həşoqqi Türkiyədə sevgilisi, türk Xədicə Çengiz ilə birlikdə yaşayırdı. Onlar Avropa ölkələrindən birinə yollanmaq istəyirdilər.

O, habelə boşanmasını rəsmiləşdirmək niyyətində idi.

Bu səbəbdən də oktyabrın 2-də Camal Həşoqqi Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna sənədlərini hazırlamaq üçün yollanıb. Konsulluq binasına daxil olan Həşoqqi bir daha oradan çıxmayıb.

Xədicə Çengiz 11 saat sevgilisini gözləyəndən sonra konsulluq əməkdaşları ona "Həşoqqi getdi" deyiblər.

Türkiyə polisi Həşoqqinin konsulluq ərazisində qətlə yetirildiyini güman edir.

Baş konsulluq bu iddiaları rədd edib.

"Şənbə günü İstanbula gələn səudi müstəntinqlər jurnalistin yoxa çıxmasını araşdırırlar", - Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun açıqlamasında deyilir.

Səudiyyə Ərəbistanını tərk etmək məcburiyyətində qalmış Camal Həşoqqiyə rəsmi Ər-Riyadı təmsil edən şəxslər şahzadə Məhəmməd bin Salmana qarşı sosial şəbəkələrdə tənqidlərin dərcini dayandırmağı "məsləhət" görmüşdülər.

Son vaxtlar ABŞ-da yaşayan Camal Həşoqqir "Washington Post" ilə əməkdaşlıq edirdi.

"Camal konsulluğa girməzdən əvvəl telefonunu mənə verdi. Dedi ki, başına bir iş gəlsə, dərhal polisə zəng vursun. Çox təlaşlı, narahat idi. Saat 13.00 radələrində konsulluğa daxil oldu. Gecəyarısına qədər gözlədim, amma Camal qayıtmadı", - Xədicə Çengiz deyib.

Milli.Az