"Ölüm ayağında idim. Həkimlər dedilər ki, böyrək transplantasiyasına ehtiyacım var. Ərim Ervin donor oldu".

Məşhur sənətçi Tina Törnerin "Tina Turner's My Love Story" adlı avtobioqrafik kitabı çap olunub.

Milli.Az bildirir ki, Tina Törnerin yazdığına görə, 2016-cı ilin dekabrında onun böyrəklərində fəsadlar yaranıb. Böyrəklər funksiyasını 20 faiz yerinə yetirirdilər.

"Həkimlər çıxış yolunu müntəzəm dializlərdə gördülər. Amma sonra bəlli oldu ki, transplantasiya əməliyyatı qaçılmazdır. Sağ idim, yaşayırdım, amma yaşamım həyat deyildi. Böyrəklərim normal olmadığından qanım daim zəhərlənirdi. Ölümümə az qalmışdı. Ervinə dedim ki, ölürəm, özünə həyat qursun. O isə söylədi ki, başqa qadına ehtiyacı yoxdur. Sonra məni heyrətləndirdi, böyrəyinin birini mənə vermək istədiyini söylədi", - T.Törner yazıb.

Ürək-damar sistemində fəsadlar olan, yüksək qan təzyiqindən əziyyət çəkən Tina Törner sonucda əməliyyata razılaşıb.

O, ötən il böyrək transplantasiyasına məruz qalıb.

Donor sənətçinin əri idi.

Əsl ad və soyadı Anna Mey Bullok olan 78 yaşlı müğənni, bəstəkar, şairə, aktrisa və rəqqasə Tina Törner "rok-n-roll kraliçası" sayılır. O, dünyanın 10 ən yaxşı rəqqasından biri hesab olunur.

1957-1958-ci illərdə Reymond Hillə ailə qurmuş Tina bu izdivacda Kreyq Törner adlı oğlunu dünyaya gətirib.

T.Törner 1962 - 1978-ci illərdə musiqiçi Ayk Törnerlə nikahda olub. Həmin nikahda (1974-cü ildə) Ronald Törner doğulub.

27 illik görüşlərdən sonra Tina Törner 2013-cü ilin iyulun 14-də alman musiqi prodüseri Ervin Baxla ailə qurub.

Tina Törner 2013-cü ilin aprelindən bəri İsveçrə vətəndaşıdır və əri ilə birlikdə Sürix kantonundakı Küsnaxt şəhərində yaşayır.

Milli.Az