ABŞ-ın Tesla korporasiyasının sahibi və artıq sabiq direktoru İlon Maska qarşı məhkəmə iddiası qaldırılıb. Şirkət əcnəbi işçilərin əməyindən qanunsuz istifadədə və miqrantları istismar etməkdə suçlanır.
Metbuat.az milli.az-a istinadən bildirir ki, şikayətçilərin dediklərinə görə, Tesla-nın Kaliforniyadakı zavodunun rəhbərliyi miqrantlara şikayət edəcəkləri təqdirdə onları ABŞ-dan deportasiya etməklə hədələyib.
Bundan başqa, işçilər Tesla-nın müəssisələrində həmkarlar təşkilatlarının yaradılmasını tələb edirlər. Şikayətçilərdən biri, Sloveniyadan olan Qreqor Lesnikin dediyinə görə, ABŞ-a V-1 vizası ilə gəlib. O, 950 dollar maaşın müqabilində ayda 250 saat işləyib. Bu isə ABŞ-da əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır.
Xorvatiyadan olan Stepan Papes isə işdə daim təhdid olunduğunu, "səsinizi çıxarsanız ölkədən qovulacaqsınız" eşitdiklərini deyib.
İlon Mask isə Tesla-nın direktorlar şurasının sədri postunu tərk edəcək və 20 milyon dollar məbləğində cərimə ödəyəcək. Səbəb milyarderin Tesla-nın səhmlərini satın almaq istəyidir.
ABŞ-ın Qiymətli Kağızlar Komissiyası (SEC) Maskı məhkəməyə verərək onun Tesla-nın rəhbəri postundan kənarlaşdırılmasını tələb etmişdi. İlon Mask avqustun 7-də Twitter-dəki mikrobloqunda yazmışdı: "Tesla-nın səhmlərinin hər birini 420 dollara satın alıb onu özəl şirkətə çevirməyi düşünürəm".
Bu ilin 2-ci rübünün nəticələrinə görə, Tesla rekord zərərə məruz qalıb.
Tesla-nın avtomobillərinə tələbat heç də şirkətin bəyan etdiyi qədər yüksək deyil.
Şirkətin Kaliforniya, Nyu-Cersi, Arizona və Yuta ştatlarındakı satış məntəqələrinldə minlərlə Tesla satılmamış qalıb.