"Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla əlaqədar dəfələrlə ifadə etdiyi fikirlərdən aydın olurdu ki, onun prinsipcə danışıqların gedişindən, münaqişənin həllindən ümumiyyətlə xəbəri yoxdur. Ermənistanda çox çətin və gərgin siyasi vəziyyət yaranıb. Baş verən hadisələrin fonunda Paşinyan və onun tərəfdarları çox güman ki, müvəqqəti hökumət kimi görünürlər. Paşinyan gah ondan əvvəl hakimiyyətdə olan hərbi cinayətkarların sözlərini təkrarlayır, gah Ermənistanın danışıqların prosesinin ötən əsrin 90-cı illərindəki mövqeyinə qayırdır. İndi də deyir ki, danışıqlar prosesinə sadiqdirlər".
Bu barədə Milli.Az-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.

Onun fikrincə, bu onu göstərir ki, Ermənistanda hakimiyyət tam reallaşmayana, işlərin nədən ibarət olması, ölkənin hansı istiqamətdə inkişaf edəcəyi aydınlaşmayana qədər Paşinyan hər gün mənasız, ziddiyyətli fikirlər ifadə edəcək: "O, hakimiyyətə gələndən bəri hər həftə ağzından bir avaz gəlir. Paşinyan gündə bir fərqli fikir söyləyir. Paşinyan hökumətinin stabil mövqeyi yoxdur və onlar sülh prosesinə də hələ hazır deyillər".
