"Vətəndaşların xəbəri olmadan onların adına çoxsaylı bağlamalar gəlir ki, bu da “Azərpoçt” əməkdaşlarının qanunsuz hərəkətlərə yol verdiyinə dair ehtimalları artırır".
Bu sözləri Publika.az-a Dövlət Gömrük Komitəsinin Əməliyyat -İstintaq Baş idarəsinin rəis müavini Fikrət Ələsgərli deyib. O bildirib ki, xüsusilə “Azərpoçt”un bölgələrdə fəaliyyət göstərən filiallarında bu kimi hallara rast gəlirik:
"Bakıda fəaliyyət göstərən "Azərpoçt" bizə bu işlərin araşdırılmasında yardımçı olur. Lakin məsələ bölgələrdəki poçt şöbələrindən gedir. Xaricdən telefon bağlaması rayonun poçt şöbəsində hər hansı bir şəxsin adına göndərilir. Bu halda adına bağlama göndərilən şəxs şəxsiyyəti təsdiq edən sənədlə birlikdə poçt şöbəsinə yaxınlaşaraq göndərilən bağlamanı təhvil almalıdır. Poçt şöbəsində məhsul şəxsin də əsas vəzifəsi bundan ibarətdir ki, həmin vətəndaşın bağlamanı təhvil aldığına dair eyniləşdirməni aparsın. Qanunla siz mənim adıma gələn bağlamanı təhvil ala bilməzsiniz. Onu da qeyd edim ki, poçt şöbəsinə göndərilən bağlama geri qaytarılmır. Bəs belə olan halda nə baş verir? Araşdırmalarımız bizdə o ehtimalı yaradır ki, həmin şəxslərin bu prosesdən xəbəri yoxdur və o bağlamalar qeyd edilən şəxslərə aid deyil . Çünki biz həmin vətəndaşların bir qismini tapıb izahat alırıq və o şəxslər israrla bildirir ki, onların adına ölkəyə göndərilən mobil telefon və ya hər hansı başqa məhsuldan onların xəbəri yoxdur. Deməli poçt şöbələrində bu prosedura maraqlı olan hansısa dairələr var. Əgər alıcı olaraq sözügedən şəxslərin öz ünvanları qeyd edilsə, biz bu məsələnin üzərinə bu qədər gedib araşdırma aparmarıq. Amma bu telefon bağlamaların alıcısı poçt şöbələri göstərilirsə, bu, şübhə doğurur. Sadəcə olaraq onlar kimdir, kimlərdən ibarətdir o, məlum deyil. Biz də öz növbəmizdə bu istiqamətdə ciddi araşdırmalar aparırıq. Təbii ki, həmin şəxslərin kimliyi aydınlaşan kimi işbazlarla əməkdaşlıq edənlərin də kimliyi açıqlanacaq. Hazırda bu prosesin nəticələri haqqında söz söyləmək tezdir. Məsələnin yekun nəticələri media ilə paylaşılacaq”.
Könül Cəfərli